Ərdoğan Soçidə birgünlük səfərdədir

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə birgünlük səfərə gedib. Soçinin beynəlxalq aeroportunda Türkiyə liderini Rusiya XİN-in, Soçi və Krasnodarın rəsmi şəxsləri qarşılayıblar. Məlumatı “Anadolu” verib. 

Türkiyə Prezidentini səfərdə XİN başçısı Hakan Fidan, energetika və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacir, kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, Milli İstihbarat Təşkilatının başçısı İbrahim Kalın və digər rəsmi şəxslər müşayiət edirlər. 

Rusiya və Türkiyə liderinin görüşündə Moskvanın iyulun 17-də tərk etdiyi Qara dəniz taxıl dəhlizi ilə bağlı məsələ əsas müzakirə mövzusu olacaq. 

Tərəflər Rusiya-Ukrayna müharibəsi, energetika, ticarət, iqtisadiyyat və turizm sahələri də daxil olmaqla ikitərəfli münasibətləri də müzakirə edəcəklər. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya