Bursa–Masallı qardaşlığı

post-img

Son onilliklərin leksikonunda “Qardaşlaşmış şəhərlər” ifadəsinə tez-tez rast gəlinir. Bakının, Gəncənin, Sumqayıtın, Lənkəranın ayrı-ayrı ölkələrin şəhərləri ilə sıx dostluq əlaqələri buna misal ola bilər. Son vaxtlar isə Bursa-Masallı qardaşlığından bəhs edilməsi fərəh doğurur. 

Bu günlərdə Masallıda tanış olduğum bursalı ziyalılar – Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfi Bursa Başqanı, Kibris qazisi Fikri Özder və “Gələcəyin İnsanları Mə­kanı, Gələcəyin İmkanları Məkanı – Azər­baycan Deyincə” (“GİM AZDER”) dərnəyi­nin sədri Hüseyn Vəliyevlə söhbətimiz bu barədə oldu. Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən Fikri Özdər dedi ki, Bakı­da “Deportasiya qurbanlarının qayıdış im­kanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı konfransa dəvətli idi: “Qərbi Azərbaycana Qayıdış Konsep­siyasının Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Platforma­sında təqdimatı və icmalarda təşviqi” adlı layihə çərçivəsində tədbirlərdə iştirak et­dikdən sonra ilk olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan ordusu­nun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə gedən yolun təməlini qoymuş Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdik. Səfər proqramımıza, həmçinin Bakı şəhə­rində Milli Qəhrəmanlar Polad Həşimov və Şirin Mirzəyevin, Masallı rayonunda Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əs­gərli şəhid qardaşlarının, Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun, Yardımlı rayonunda şəhid Mahmud Mayıllının ailə üzvləri ilə görüşlər, Masallı Qəhrəmanlar Parkındakı “Şəhidlər” abidə kompleksinin, ayrı-ayrı qəsəbə və kəndlərdə şəhidlərin məzarlarının ziyarəti daxil idi. Doğrusu, çox duyğulandıq” 

“GİM AZDER” dərnəyinin sədri, soy­daşımız Hüseyn Vəliyev əlavə etdi ki, onların təşəbbüsü və dəstəyi ilə Bursada yerli bələdiyyə Azərbaycanın Milli Qəhrə­manları Polad Həşimovun (Osmanqazi rayonunun Dəmirtaş bölgəsində) və Şirin Mirzəyevin (Karacabey rayonunda) adı­nı daşıyan parklar açıb, Məzahir Rüstə­mov adına parkın isə (Keles rayonunda) təməli qoyulub. “Bu, Türkiyə–Azərbaycan qardaşlıq və dostluq münasibətlərinin ba­riz nümunəsidir. İki qardaş ölkə ilə bağlı geniş layihələrin gerçəkləşməsindən ötrü əlimizdən gələni əsirgəmirik. Əminik ki, Azərbaycanın bir neçə rayon və şəhərlə­ri kimi, Masallı da Bursa ilə qardaşlaşmış şəhərlər siyahısına daxil olacaq”. 

“Qardaş ölkələr, qardaş şəhərlər” de­vizini rəhbər tutub yola çıxan nəcib in­sanların iştirakı ilə Masallıda, şəhid Anar Novruzovun ruhuna ehsan süfrəsi açılıb və oraya şəhid ailələrinin üzvləri ilə qazilər dəvət ediliblər. 

Onu da öyrəndik ki, bu yaxınlarda Bursada şəhid mayor Anar Novruzovun adının əbədiləşdirilməsi, Əhməd Cavad adına Mədəniyyət Evinin yaradılması və digər işlər də nəzərdə tutulub. Şəhidlərin və müharibə iştirakçılarının övladlarının Türkiyədə təhsil almasına dəstək olmaq, şəhid ailələrinin qarşılıqlı olaraq Türkiyəyə və Azərbaycana səfərlərini təşkil etmək üçün də hazırlıqlar görülür. 

Əsas məram milli-mədəni dəyərləri­mizin, qəhrəmanlarımızın tanıdılmasıdır. 

Akif AĞAYEV, 
Masallıda çıxan “Yeni həyat” qəzetinin əməkdaşı

Sosial həyat