“Sökülsün, yerində təzəsi tikilsin!”

post-img

Fəqan özünü itirdi və həm də eşitdiklərinə əvvəlcə inanmadı.Rayon icra hakimiyyətinin başçısı məsul şəxslərlə birlikdə onun yaşadığı evə gəlmişdi və bir qədər  həyət-bacaya baxdıqdan sonra bu sözləri demişdi. Vətən müharibəsi əlili yalnız ertəsi gün inanmışdı ki, ev doğrudan da sıküləcək. Çünki həyətə texnika və işçi qüvvəsi gətirilmişdi…

Bu o Fəqandır ki, 44 günlük Vətən müharibəsində iştirak etmiş və  döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdu. Bəli,  Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili  Rəhimov Fəqan Fazil oğlu cəmi bircə dəfə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşova müraciət etmişdi və belə bir operativ reaksiyanı bəlkə də ağlına belə gətirmirdi. 

“-Ali Baş Komandanımız, möhtərəm cənab Prezidentimizin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində sizin kimi oğullar Azərbaycanın adını bütün dünyaya tanıtdılar və biz sizin hər birinizlə  fəxr etdirik. Cənab Prezidentimiz İlham Əliyev, Mehriban xanım Əliyeva  şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə daim diqqət və qayğı göstərir. Hər bir dövlət məmurunun,  hər bir vətəndaşın da borcu ondan ibarətdir ki, nümunə götürsün, şəhid ailələrinə, qazilərə diqqətsiz olmasın…” 

Bu sözləri də rayon rəhbəri söyləmişdi və əvəzində Fəqan kövrələrək “bilmirəm dövlətimizin başçısına, Mehriban xanıma, Sizə necə minnətdarlıq edim” deyib kövrəlmişdi...

Məlumat üçün qeyd edək ki, Rəhimov Fəqan Fazil oğlu 4 iyun 1996-cı ildə anadan olub. 6 oktyabr 2020-ci ildə  Füzuli rayonu ətrafında gedən döyüşlərdə sağ ayaq nahiyəsindən qəlpə yarası və kəllə-beyin zədəsi alıb. Ona hərbi hospitalda ilkin tibbi yardım göstərilib. Sonra müəyyən müalicələr alıb. 2020-ci ilin 18 oktyabrında  xidmətini davam etdirmək üçün döyüşə qayıdıb.  Lakim bir müddətdən sonra hərbi xidmətdən tərxis olunub, III dərəcəli əlillik təyin edilib.

Hamlet Qasımov,

“Xalq qəzeti”nin bölgə müxbiri, Qazax rayonu

















Sosial həyat