ICESCO ənənəvi dəyərləri firavan gələcəyin təməli hesab edir

post-img

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl-Malik firavan qlobal gələcəyin qurulması üçün ənənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. O, Tatarıstan Respublikası hökumətinin İslam Əməkdaşlıq Gənclər Forumu ilə birgə təşkil etdiyi və 67 ölkədən nazirlər, səfirlər, regional və beynəlxalq təşkilatlar, habelə bir neçə gənc siyasətçinin iştirak etdiyi Kazan Qlobal Gənclər Sammitində çıxışında vurğulayıb: “Bu cür dəyərlərin mahiyyəti gənclərin xarakterik keyfiyyətlərini inkişaf etdirir, irəliləyişə əngəl olan maneələri dəf etmək üçün onlara güc verir və yaranan çətinliklərin öhdəsindən gəlməyə imkan yaradır. Gənclər cəmiyyətin lokomotividir, təhsil isə təkcə onların gələcək vəzifələrin yerinə yetirilməsinə hazırlığını deyil, həm də zorakılıq və ekstremizmin bütün formalarını ayırd etmək və rədd etmək üçün tənqidi düşünmə bacarıqlarını formalaşdırır”.

Təşkilatın baş ofisindən bildiriblər ki, Baş direktor çıxışında Kazan şəhərinin 2022-ci il üçün İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı olmasını yüksək qiymətləndirib. O əlavə edib ki, “Müasir dünyada uşaq və gənclərin təhsilində ənənəvi dəyərlərin rolu” mövzusunda keçirilən tədbir gənclərə bəşəri dəyərlərin aşılanması, onların qlobal müxtəlifliyi qəbul etməsi ilə yanaşı, dəyişməz mövqe nümayiş etdirməsi baxımından da əhəmiyyətlidir. Bundan əlavə, o, gənclərin dünya əhalisinin 16 faizini təmsil edən və onun gələcəyini təcəssüm etdirən demoqrafik qüvvə kimi mühüm rolunu bir daha təsdiqləyərək, qlobal birliyin qurulması işində həlli vacib olan problemlərdən də bəhs edib.

Salim Əl-Malik ICESCO-nun idman fəaliyyətlərinin təşkili, pedaqoqların hazırlanması vasitəsilə təhsil kurikulumlarında mədəni müxtəlifliyə hörmət və birgəyaşayış prinsiplərini təşviq etmək səylərini vurğulayıb və bütün dinlər arasında paylaşılan fundamental prinsipləri, o cümlədən mərhəmət, həmrəylik, hörmət, birlik və anlaşmanı yeni dünya nizamının sütunları kimi xarakterizə edib. “ICESCO cari çağırışların aradan qaldırılması üçün zəruri olan bəşəri dəyərlərin yayılması istiqamətində beynəlxalq əməkdaşlığın intensivləşdirilməsini səbirsizliklə gözləyir”, -deyə o vurğulayıb.

Sosial həyat