Uca dağlar başında son döyüş

post-img

Vətən müharibəsi şəhidi Ceyhun Savalan oğlu Əyyubovun yarımçıq qalan arzularından hüzn və qürurla söz açmaq istəyirəm. Ceyhun 31 il əvvəl avqustun ortalarında Yevlaxda dünyaya göz açıb. Şəhər 4 nömrəli tam orta məktəbin IX sinifini bitirəndən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. Ana babasının hərbçi, atasının I Qarabağ müharibəsinin qazisi olması, anası Arzu xanımın da hərb sənətinə olan rəğbəti Ceyhunu bu şöhrətli məktəbə aparıb. 

3 il hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Ali hərbi məktəbə daxil olan Ceyhun təhsili­ni 2014-cü ildə tamamlayıb. 1 il də Heydər Əliyev adına Ali Hərbi Məktəb­də Təlim-Tədris Mərkəzində dinləyici zabit olub və leytenant rütbəsi alıb. Xidmətə Daşkəsənin Xoşbulaq kəndin­də zabit kimi fəaliyyətə başlayıb. 4 ay tağım komandiri kimi calışıb. 2015-ci ildə ermənilərə daha yaxın olan posta göndərilib. Bir müddət Murov ətrafında, 2016-cı il oktyabr ayından Tovuz rayo­nunun “N” saylı hərbi hissəsində tağım komandiri kimi çalışıb. Baş leytenant rütbəsinə layiq görülüb. 

Tovuz döyüşlərində şəxsən tanıdığı vətənimizin igid oğlu Polad Həşimovun şəhid olması Ceyhunu sarsıtmışdı. Hə­min gün döyüşçü yoldaşlarına: “Bu qan yerdə qalmayacaq. Allah düşmənin də qeyrətlisini versin. Bu isə alçaq ermə­nilərdə yoxdur” demişdi.

2020-ci il 27 sentyabr sabahı qan qoxulu torpaqlarımızı işğaldan azad etmək ücün Ceyhun kimi igidlər sava­şa girdi. Ayaq basdıqları torpağın hər addımını canları-qanları ilə yenidən Vətən edirdilər. Ceyhun da torpaqların yağı tapdağından təmizlənməsi üçün aslan kimi döyüşürdü. O, həm vuru­şur, həm də yaralı əsgərləri təhlükəli yerdən çıxarırdı. Özü yaralansa da, neçə yaralını xilas etmişdi. Kəlbəcər istiqamətində gedən qızğın döyüşlərdə isə düşmən snayperi Ceyhunun özünü hədəfə almışdı. Uca dağlar başında Ceyhun şəhidlik zirvəsinə qovuşmuş­du. Döyüş dostları həmin posta Cey­hunun adını verirlər.

Atası Əyyubov Savalan Rəşid oğlu I Qarabag müharibəsi zamanı Murov­da döyüşüb. 1993-cü ildə ayaqlarını şaxta vurduğundan, əmək qabiliyyətini itirib. Anası Arzu xanım evdar qadındır. Ailənin 3 övladı olub. Böyük oğlu Mir­kazım Hərbi Akademiyanı qurtarıb, o da hərbçidir. Ceyhun ailənin ikinci öv­ladı idi. Bacısı Xanım ailəlidir. 

Arzu xanımın ürəyi alovlanır. Cey­hun milləti üçün ağatlı nağıl qəhrəmanı olsa da, anası üçün hər gün görmək, öpmək, oxşamaq istədiyi, gündə min dəfə qurban olmaq istədiyi körpə bir oğlandır. Hər dəfə Ceyhunun qəbri üstə gedəndə soyuq daşı beşik kimi bağrına basır. Deyir, ruhu sağdır Cey­hunumun, çünki torpaqlarımız işğaldan azad edilib. 

Şəhidin ailəsindəyəm, dərdləşirik, söhbətləşirik. Mövlanənin bu fikrini ucadan deyirəm: “Sanma ki, dərd, sa­dəcə, səndə var. Səndəki dərdi nemət sayanlar da var”. Təsəlli vermək də çə­tindir... 

Göz yaşını saxlaya bilməyən Arzu xanım deyir: “Son dəfə 26 iyun Silah­lı Qüvvələrin yaradılması günü gör­müşəm balamı. Yanına getmişdik, Daşkəsənə. Yadda qalan, gözəl bir gün keçirdik birlikdə. Nə biləydim ki, bu bizim son görüşümüzdür”. 

Deyirlər, zaman bütün dərdlərin dərmanıdır. Lakin elə dərd var ki, illər ötsə də, tam sağalmır. Və elə bu dərd­lə, bu ağrı ilə həyatına davam etməyi öyrənir insan. Arzu xanım da Ceyhun­suz yaşamağın ağırlığına dözməyə çalışır. Ceyhunun ruhu ilə danışırmış kimi, üzümü onun şəklinə tutub de­yirəm:

– Sən nağıl deyən nənələrin, noğul yeyən nəvələrin, ayaqlanan zirvələrin də qisasını aldın igidim. Özündən son­ra millətinin övladlarına Vətən qoydun, sağlam gələcək qoydun. 

Sənin şəhadətindən düz 9 ay sonra iyunun 24-də qardaşın Mirkazımın oğlu dünyaya gəldi. Hər kəsin ürəyinə bir təpər gəldi, bir az su səpildi. Adını Cey­hun qoydular. Ailən səni yenidən qa­zandı. Yaşadığın evin qarşısında sənin əziz xatirənə gözəl guşə düzəldilib, bö­yük portretin asılıb. Adına layiq bulaq tikiblər.Yarımçıq qalmış mənzilində ta­mamlama işləri gedir. Gələcəkdə aşağı otaqda adına muzey də yaradılacaq. Ailən dövlətimizdən də, Prezidentimiz­dən də çox razıdır. Yevlax camaatı da ailəni tək qoymadılar. 

Öz şəhid adını əbədiyyət lövhə­sinə həkk edən torpağa salan Ceyhun Əyyubov ölümündən sonra Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcə­li “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Ceyhunun uğrunda canından keçdiyi Qarabağ yenidən və həmişəlik Azərbaycandır! Sən də bunu istəyir­din şəhid balamız. Rahat uyu şəhidim, sən azad Vətənimizdə doğulacaq mil­yonlarla Ceyhunun xoşbəxt həyatında gözəgörünməz ruh kimi yaşayacaq­san... 

Əminə YUSİFQIZI,
Əməkdar jurnalist

Sosial həyat