Dünyanın şahmat nəbzi Heydər Əliyevin Vətənində döyünür

post-img

Taleyin hökmü ilə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) təqvimində ən mötəbər yarışlardan biri olan növbəti Dünya kuboku turniri Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu 2023-cü ildə onun Vətəni Azərbaycanda keçirilir. İyulun 30-dan dünyanın ən yüksək reytinqli şahmatçısı, beşqat dünya çempionu, norveçli Maqnus Karlsen başda olmaqla planetin bütün məşhur qrossmeysterlərini öz bayrağı ətrafına toplayan, indi isə artıq finişin astanasında olan belə böyük yarışın təşkilinin paytaxtımıza etibar edilməsi FİDE-nin uzun illər ərzində respublikamızda qədim və müdrik oyunun inkişafına göstərdiyi daimi qayğı və diqqətə görə Ümummilli liderə dərin ehtiramının təzahürüdür. Əgər 2015-ci ildə də zəka sahiblərinin Dünya kuboku yarışının şəhərimizdə keçirildiyini xatırlasaq, həqiqətən, Bakının, Azərbaycanın şahmat aləmində xüsusi yeri var.

Bunun üçünsə şahmat ictimaiyyətimiz ilk növbədə ulu öndər ­Heydər ­Əliyevə, onun müdrik, şahanə gedişlərinə minnətdardır. Ümummilli ­liderin respublikamıza rəhbərlik etdiyi elə ilk vaxtlardan – ötən əsrin yetmişinci illərindən idmanın, o cümlədən, şahmatın inkişafına hərtərəfli köməyi sayəsində Azərbaycanın hər yerində şahmat məktəbləri açılması, uşaq və yeniyetmələrlə məsğələlərə təcrübəli mütəxəssislərin cəlb edilməsi istedadların aşkara çıxarılmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynamışdır.

Biz Heydər Əliyevin Azərbaycan rəhbəri olduğu uzun illər ərzində, istər KP MK-nın birinci katibi vəzifəsində çalışdığı sovet dövründə, istərsə də dövlətimizin müstəqilliyinin bərpa olunduğu illərdə idmana sevgisi, onun təbliği və inkişafını daim diqqət mərkəzində saxlaması haqqında yazılarımızda bir məqamı həmişə xüsusi vurğulamışıq. Bu görkəmli şəxsiyyətin bir ildə iki dəfə — 1998-ci ilin fevralında və yenə həmin ilin sonlarında “ Azərbaycan uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında” və “Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında” sərəncamlar imzalaması respublikanın idman həyatında çox böyük hadisə idi. İndi həmin sərəncamların qüvvəyə mindiyi günlərdən 25 il ötür. O illərin uşaq və yeniyetmə şahmatçılarının bir çoxunun adının bu gün dünyanın məşhur qrossmeysterləri ilə yanaşı çəkilməsi də məhz həmin sərəncamlar və onlardan irəli gələn məsələlərin uğurlu həlli sayəsində mümkün olmuşdur. 

Azərbaycan şahmatı son 25 ildə az qələbə qazanmayıb. Bu müddət ərzində istər uşaq və yeniyetmələr, istərsə də adlı-sanlı ustalar neçə-neçə mötəbər beynəlxalq yarışın qalib və mükafatçıları sırasında təbrikləri qəbul etmişlər. 

Şahmatımızın nailiyyətləri siyahısında kişilərdən ibarət milli komandanın üçqat Avropa çempionu adı daşıması faktını isə həmişə zəka sahiblərimizə böyük hörmət və rəğbət hissi ilə xatırlayacağıq. Onlar cəmi yeddi-səkkiz il ərzində, 2009-cu ildən 2017-ci ilədək özlərini Avropa şahmatının liderləri kimi göstərmişlər. Həmin sərəncamların imzalandığı 1998-ci ilin hələ uşaq və yeniyetmə şahmatçıları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, istedadının yenicə çiçəklənməyə başladığı bir vaxtda vəfatı bütün ölkəni sarsıdan Vüqar Həşimov, habelə Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərlinin birgə səylə, çox əzmkar və səmimi komanda şəklində qazandıqları üçqat müvəffəqiyyət təkcə Azərbaycan şahmatında və idmanında deyil, ölkəmizin bütün tarixində xüsusi yer tutur. Milli komandalar səviyyəsində üç dəfə Avropa çempionu olmaq hər komandanın işi deyil. Bizim “qızıl” oğlanlar isə bu tarixi nailiyyətin hədsiz sevincini yaşamışlar –2009-cu ildə Serbiyanın Novi-Sad şəhərində, 2013-də Polşanın paytaxtı Varşavada və daha dörd il sonra, 2017-ci ildə Yunanıstanın Krit adasında. Millimizin üç çempionluğuna Avropa birinciliklərindən Azərbaycana gətirilmiş daha bir dəst gümüş və bir dəst bürünc medalı da əlavə etsək, bir daha tam əmin olarıq ki, Məmmədyarov, Rəcəbov, Həşimov, Məmmədov, Hüseynov və Səfərli iyirmi birinci əsrin ilk 15-20 ilində Avropa şahmatında Azərbaycan adına möhtəşəm bir tarix yazmışlar.

İllər ötəcək, nəsillər dəyişəcək, yeni qələbələr də olacaq, məğlubiyyətlər də. Ancaq milli sərvətimizə çevrilmiş Avropa komanda çempionatlarında üç çempionluq çələngi, eləcə də, gümüş və bürünc medal dəstləri, onları uzaq-uzaq ellərdən Azərbaycana gətirmiş qrossmeysterlərin hünərləri heç vaxt unudulmayacaq, yaddaşlarda əbədi yaşayacaqdır.

Bununla əlaqədar Prezident İlham Əliyev üçüncü dəfə Avropa çempionatının qalibi olmuş komandamızın üzvlərini 2017-ci il noyabrın 8-də qəbul edərkən fəxrlə bildirmişdi ki, Azərbaycan növbəti böyük uğura imza atıb. Bu dəfə idmanın şahmat növündə, intellektual idman növündə qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan komandası Avropa çempionatında birinci yer tutub və çempion olub. Bu möhtəşəm qələbə münasibətilə şahmatçıları, məşqçiləri, federasiyanı ürəkdən təbrik edirəm. 

Cənab İlham Əliyev daha sonra demişdi: “Bu, bütün Azərbaycan xalqını sevindirən qələbədir. Şadam ki, bu, artıq birinci qələbə deyil, bu, üçüncü qələbədir. Yəni üç dəfə Azərbaycan şahmatçıları Avropada birinci yeri tutublar. Bu, onu göstərir ki, budəfəki qələbə də təsadüfi qələbə deyil, bu, təbii qələbədir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir.

Gərgin mübarizədə bizim şahmatçılarımız Azərbaycan xalqının intellektual potensialını bütün Avropaya və eyni zamanda, dünyaya bir daha nümayiş etdirdilər…”.

Çox təəssüf ki, uzun illər ərzində bu tarixi nailliyyətlər üçün möhkəm zəmin yaradan ulu öndər Heydər Əliyev onların sevincinin şahidi olmadı. Ancaq bu dahi şəxsiyyətin ölkəmizdə şahmatın inkişafına göstərdiyi böyük qayğı həmişə Ümummilli liderə minnətdarlıqla xatırlanacaq.

Nailiyyətlərimiz isə təkcə Avropa çempionatlarında qazanılmış 3 dəst qızıl, 1 dəst gümüş və 1 dəst bürünc medal deyil. Müdrik oyun ustalarımızın daha neçə-neçə qələbəsini, məsələn, Rəcəbovun 2019-cu ildə Rusiyanın Xantı-Mansiysk şəhərində Dünya kuboku yarışının qalibi olmasını, həmçinin dünya şahmat tacı uğrunda iddiaçıların turnirində oynamasını, Məmmədyarovun dünyanın ən görkəmli qrossmeysterlərinin iştirakı ilə keçirilən bir çox mötəbər beynəlxalq yarışda, o cümlədən superturnirlərdə mükafatçılar sırasında yer tutduğunu, hazırda Abdulla Qədimbəyli və Gövhər Beydullayevanın 20 yaşadək şahmatçılar arasında dünya çempionu adı daşımalarını və digər yüksək nəticələri də qeyd etmək olar. 

G.Beydullayevanın adını çəkmişkən, deyək ki, ölkəmizdə qadın şahmatının da ənənələri inamla davam etdirilir. Bu ənənələrin yaranmasında Tatyana Zatulovskaya, Elmira Əliyeva, sonralar onların davamçıları, İslam dünyasında qadınlar arasında ilk beynəlxalq qrossmeyster Aynur Sofiyeva, o illərin yığma komandasında onun özü kimi məşhur rəfiqələri Firuzə Vəlixanlı, İlahə Qədimova, Göyçay şahmat məktəbinin yetirməsi Fənarə Babayeva, daha sonralar isə Zeynəb və Türkan Məmmədyarova bacıları, Nərmin Məmmədova, Nərgiz Umudova, Nərmin Kazımova, Xəyalə İsgəndərova və digər istedadlı xanım şahmatçılar mühüm rol oynamışlar.

Azərbaycanda qadın şahmatı bizim günlərdə də beynəlxalq idman dairələrində yaxşı nüfuz sahibidir. Milli komandamızın lideri Günay Məmmədzadə, onun komanda yoldaşları Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva Avropa və dünya çempionatlarında, ümumdünya şahmat olimpiadalarında ən güclü komandalara qarşı layiqli mübarizə aparırlar. 

Dünyanın bir-birindən məşhur qrossmeysterlərinin hər il turnirlərdə iştirak etmək üçün məmnuniyyətlə Azərbaycana gəlib, Bakı, Naxçıvan, Şəmkir, ötən ildən isə Şuşada və digər şəhərlərimizdə oynadıqlarını da yaddan çıxarmaq olmaz. Təkcə unudulmaz Vüqar Həşimovun xatirəsinə həsr edilən və superturnir səviyyəsinə yüksələn yarışları qeyd etmək kifayətdir. Müxtəlif illərdə qonağımız olmuş keçmiş dünya çempionları Maqnus Karlsen (Norveç), Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik (Rusiya), habelə Fabiano Karuana (ABŞ), Aniş Giri (Hollandiya), Maksim Vaşye-Laqrav (Fransa) kimi mahir ustalar bu turnirlərdən vətənlərinə xoş təəssüratla qayıtmışlar

Ümummilli lider Heydər Əliyevin Azərbaycan şahmatına verdiyi töhfələri xatırlayarkən o da yada düşür ki, respublikamızda zəka sahiblərinin oyununa böyük maraq nəzərə alınmaqla, ötən əsrin səksəninci illərində “İdman” qəzetinə “Şahmat” əlavəsinin də nəşrinə başlanmışdı. Bu qəzet də o vaxtlar Bakı Dövlət Universitetinin məşhur professoru, eyni zamanda, şahmat üzrə ustalığa namizəd Azər Zeynallının redaktorluğu ilə “Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsində yerləşən otaqlarında respublikamızda şahmatın təbliğinə və inkişafına xidmət edirdi. 

Xatirələrdə Azərbaycan idmanının böyük himayədarı kimi yaşayan ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilində onun Vətənində ümumi mükafat fondu 2.500.000 ABŞ dolları olan Dünya Kuboku turniri finişə yaxınlaşır. Üç həftə əvvəl kubok, eləcə də, iddiaçıların turnirlərinə vəsiqə uğrunda uzun yolda ağır mübarizəyə başlayan 206 kişi və 103 qadın, ümumilikdə, 309 şahmatçıdan meydanda yalnız 6 qrossmeyster qalır. Bunlar kişilərin yarışında 4 yarımfinalçı və qadınların turnirində 2 finalçıdır.

Yarımfinalçılardan birinin Azərbaycan şahmatının yeni ulduzu Nicat Abasovun olması isə Dünya kubokunun həlledici matçlarına marağımızı ikiqat artırmışdır. 

Bakıda ən yüksək səviyyədə təşkil edilib, bütün planetin diqqət mərkəzində olan Dünya Kuboku yarışında baş rollardan birini Heydər Əliyevin həmvətəni oynayır. Ulu öndərin 100 illik yubileyi ilində Azərbaycan şahmat tarixinə yeni parlaq səhifə yazılır. Yarımfinalın necə nəticələnəcəyindən asılı olmayaraq, 28 yaşlı qrossmeysterimiz ardıcıl altı rəqibi turnirlə vidalaşmağa məcbur etməklə, bu yarışda öz vəzifəsini artıqlaması ilə yerinə yetirmişdir. 

Oqtay BAYRAMOV,
 Əməkdar jurnalist

 





Sosial həyat