“Füzuli, biz doğma qoynuna qayıdırıq”

post-img

İşğaldan azad edilən ərazilərdə quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin, yaşayış məntəqələrinin bərpasının əsası qoyulur. Yeni tərzdə evlər, binalar inşa olunub məcburi köçkünlərin istifadəsinə verilir. 

Artıq Böyük Qayıdış proqramına uyğun olaraq, Zəngilanın Ağalı, Tərtərin Talış kəndlərinə, Laçın şəhərinə yüzlərlə ailə köçüb. İndi isə növbə Füzuli şəhərinə çatıb. Dünən Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə – 90 nəfər bundan sonra doğma yurdda yaşayacaq.

Çoxillik Vətən həsrətinə son qoyulan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə ­Prezident, Müzəffər Ali Baş Komandan İlham ­Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydada– şəffaflıq və ədalətlilik prinsipləri əsasında aparılıb. Püşkatma avqustun 5-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, ­17-si dördotaqlı mənzil ilə təmin olunub.

Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Yola düşən karvandan sədalar ucalıb: “Füzuli, biz doğma qoynuna qayıdırıq”. Qarşıdakı günlərdə də Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

Qeyd edək ki, MİDA tərəfindən tikilən Füzuli yaşayış kompleksinin ümumi sahəsi 8,9 hektardır. 6 məhəllədə 38 yaşayış binası tikilir. Bütün mənzillər məcburi köçkünlərə tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə verilir. Mənzillər həm də mərkəzləşdirilmiş qazanxana vasitəsilə istilik və məişət üçün isti su ilə təmin olunacaq. Yaşayış binaları ilə yanaşı, ərazidə park, yeraltı və yerüstü avtodayanacaqlar, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək. 

Füzuliyə köçən ailələrin uşaqları isə bu tədris ilində yeni tikilmiş məktəbdə oxuyacaqlar. Qardaş Özbəkistan tərəfindən tikilən 960 yerlik tam orta məktəbi yaxın günlərdə istifadəyə veriləcək. Şəhərə qayıdan ilk şagirdlər məhz bu məktəbdə təhsil alacaqlar.

Şəhərdə sakinlərinin işlə təminatında da problem olmayacaq. Çünki Füzuli həm də bir sənaye şəhəri kimi formalaşır. Əhalinin əhəmiyyətli bir hissəsi şəhərdə nəzərdə tutulan sənaye müəssisələrində çalışacaq. Eləcə də Füzuli rayonu ölkəmizin əsas kənd təsərrüfatı rayonlarından biri olub və hər zaman kənd təsərrüfatının bir çox sahələrində – taxılçılıq, pambıqçılıq, üzümçülükdə böyük nailiyyətlər əldə edib. Bu sahədə rayonun böyük potensialı var və rayonda aqrar sənaye kompleksləri də yaradılacaq. Yüzlərlə sakinin işlə təmin edilməsində problem olmayacaq. Ümumiyyətlə, bu istiqamətdə xidmət növləri də nəzərə alınıb.

Füzuli şəhəri həm də nəqliyyat xətlərinin üzərində yerləşir. Üstəlik şəhər yaxınlığında beynəlxalq hava limanı fəaliyyət göstərir. Bunlar onun logistika mərkəzi kimi rolunu artırır. 

Xatırladaq ki,  bu günədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına  daimi yaşamaq üçün 400 ailə, 2 min insan köçürülüb. İlin sonunadək  2 min ailənin, təqribən 10 min nəfərin köçürülməsi nəzərdə tutulur.

Ə. PÜNHAN, 
“Xalq qəzeti” 

 





Sosial həyat