Azərbaycan – dünyanı heyran qoyan məkan

post-img

Birinci yarımildə xarici ticarət dövriyyəsi 22,9 milyard dollar təşkil edib

 

Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı respublikamızın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. 

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir. Son illər ölkəmizin xarici iqtisadi–ticari əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Çünki qeyri–neft sektorunun davamlı inkişafı ilə bağlı reallaşdırılan layihələr nəticəsində bu sahədə rəqabətqabiliyyətli məhsulların istehsalı davamlı şəkildə xeyli artır və həmin məhsullara dünya bazarlarında maraq da getdikcə güclənir.  

Bu sahədə rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər də özünü göstərir. Belə ki, respublikamızda yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarır, hətta bəzi hallarda ixraca da yönəldilir. Bununla da  daxili bazarın idxaldan asılılığının azaldılmasına əlverişli imkan yaranır.    

Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədilə də mühüm işlər görülür. Belə ki,  qanunvericilik bazası təkmilləşdirilir, ixrac mallarının istehsalı stimullaşdırılır, ixracın infrastruktur təminatı yaxşılaşdırılır. Sənaye şəhərciklərinin, potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması sözügedən istiqamətdə görülən mühüm işlər sırasındadır. Bütün bunlar statistik göstəricilərdə də aydın nəzərə çarpır. Məsələn, cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 177 ölkədən idxal edilib.

Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 22 milyard dolları, o cümlədən ixracın dəyəri 14 milyard dollar, idxalın dəyəri isə 8198,5 milyon dollar təşkil edib. Nəticədə isə 6 milyard 557 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 92,6 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Yunanıstan, Hindistan, İspaniya, İsrail, Türkmənistan, Çexiya, Gürcüstan, Rumıniya, Fransa, İrlandiya, ABŞ, İran, Qazaxıstan, Yaponiya, Bolqarıstan, Avstriya, Koreya, Xorvatiya və Belarus ilə aparılan ticarət əməliyyatlarının payına düşüb. 

Cari ilin yanvar-iyun aylarında ixracın 46,5 faizini İtaliyaya, 15,4 faizini Türkiyəyə, 4,5 faizini Yunanıstana, 3,6 faizini İspaniyaya, hər biri 3,5 faiz olmaqla İsrail və Rusiyaya, 3,4 faizini Hindistana, 2,4 faizini Çexiyaya, hər biri 2,3 faiz olmaqla Rumıniya və Gürcüstana, 2,1 faizini Almaniyaya, 1,8 faizini İrlandiyaya, hər biri 1 faiz olmaqla Bolqarıstan və Xorvatiyaya, 0,9 faizini Avstriyaya, 0,7 faizini Fransaya, hər biri 0,5 faiz olmaqla İndoneziya, Sinqapur və Vyetnama, hər biri 0,4 faiz olmaqla İsveçrə və Portuqaliyaya, 2,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Hesabat dövründə ixracın 90  faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 5,1 faizini avtomobil, 3,5 faizini dəmir yolu, 0,9 faizini hava, 0,5 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların payı üstünlük təşkil edib.

Cari ilin ilk 7 ayında isə qeyri–neft–qaz məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 20,6 faiz, real ifadədə 16,9 faiz artaraq 1 milyard 773 milyon dollara bərabər olub.

Qeyri–neft–qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (31,1 faiz), Türkiyəyə (28,9 faiz), Gürcüstana (10,2 faiz), İsveçrəyə (3,9 faiz), Qazaxıstana (3,3 faiz), Türkmənistana (2,6 faiz), Ukraynaya (2,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Özbəkistana (1,3 faiz), İtaliyaya (1,2 faiz), Rumıniyaya (1,1 faiz), Çinə (1,1 faiz), Belçikaya (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 8 milyard 934,1 milyon ABŞ dolları olub. Yeri gəlmişkən, 2022-ci ilin eyni aylarında Azərbaycandan 12 milyard 704,1 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 8 milyard 219,9 milyon dollar olub.

Bu göstəricilərdən aydın olur ki, ölkəmizdə həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının reallaşdırılması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. xarici ticarət əlaqələrin həcminin və coğrafiyasının daha da  genişlənməsinə müsbət təsir göstərib. 

V.BAYRAMOV, “Xalq qəzeti”

 

Sosial həyat