Əsri adlamış ömrün yolçusu

post-img

Korifey jurnalist, məşhur diplomat, poliqlot, böyük azərbaycanlı Ənvər Nazim oğlu Məmmədovun 100 yaşı tamam oldu

...Onun sadəcə adını eşitmişdik. BDU-nun jurnalistika fakültəsinin qocaman müəllimlərinin dilindən. Peşəkar diplomat, tərcüməçi-jurnalist, Sovet İttifaqının tele-radio sisteminin qurucularından biri, əfsanəvi insan. Biz tələbələr görmədən-tanımadan onun adı ilə fəxr edərdik. 

1923-cü il avqustun 15-də Bakıda anadan olan Ənvər Məmmədov 1950-ci ilə kimi SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Sonrakı altı ildə Radio Komitəsinin xaricə yayım re­daksiyasının baş redaktoru olub. 1956-1959-cu illərdə SSRİ-nin Vaşinqtondakı məsləhətçi-səfiri, “SSRİ” jurnalının baş redaktoru vəzifələrində işləyib. 1959-1960-cı illərdə “Sovinformbüro” sədrinin birinci müavini, 1961-ci ildə Siyasi Xə­bərlər Agentliyinin sədr müavini, 1962-ci ildən 1985-ci ilə kimi isə SSRİ Dövlət Televiziya və Radio Komitəsinin sədr müavini işləyib. Ə.Məmmədov həmin və­zifədə işlədiyi dövrdə sonradan məşhur­laşmış bəzi sovet filmlərinin, o cümlədən “Baharın on yeddi anı” və “Taleyin ironi­yası və ya həmişə təmizlikdə" filmlərinin ekrana buraxılmasına nail olub. 

İkinci Dünya müharibəsinin iştirak­çısı olan Ə.Məmmədov faşist caniləri­nin Nürnberq Məhkəməsində Tərcümə agentliyi rəisinin müavini kimi iştirak edib. O, “intihar” xəbəri yayılmış alman gene­ralı Fridrix Paulsu tapıb, onun gizli yollar­la hərbi tribunala gətirilməsini təşkil edib. Paulsun faşistlərin törətdiyi cinayətlər barədə etiraflarını da məhz Ənvər Məm­mədov tərcümə edib.

Dünən Moskvada həmkarları, dostla­rı Ənvər müəllimin başına toplaşıb yubil­yar haqqında ürək sözlərini söyləyiblər, ustad sənətkarla bağlı maraqlı xatirələrini danışıblar. Yubiley günündə tanınmış te­leaparıcı Solovyev Ənvər Məmmədovun SSRİ və Rusiya televiziyasının, xəbər agentliyinin, bütövlükdə KİV-in inkişafın­da böyük xidmətlərini xüsusi qeyd edib.

P.S. Biz də öz növbəmizdə qəzeti­mizin kollektivi, eləcə də Azərbaycan jurnalistləri adından ustad sənətkarı, dəyərli həmyerlimizi 100 yaşı münasi­bətilə təbrik edir, Vətəndə redaksiya­mızda görüşmək ümidilə ona uzun və sağlam ömür arzulayırıq.

“Xalq qəzeti”

Sosial həyat