Xurma gəlirli məhsula çevrilir

post-img

Ölkəmiz bu meyvənin istehsal və ixracında dünya üçüncüsüdür

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında bildirilir ki, Azərbaycan dünyada xurma istehsalçıları və ixracatçıları sırasında ilk üçlüyə daxildir. Respublikamız 192,4 min metrik tonla dünyanın 3-cü əsas xurma istehsalçısıdır.

Qlobal bazarda əsas xurma tədarükçüləri Çin (3 mil­yon 429,4 min metrik ton), Cənubi Koreya (200,6 min metrik ton), Azərbaycan (192,4 min metrik ton), Yaponi­ya (187,9 min metrik ton) və Braziliya (170,2 min metrik ton) olub.

Qlobal xurma bazarının 2023–2028-ci illərdə illik 6,16 faizlik artım tempi ilə böyüyəcəyi gözlənilir. Son nəticədə, bu bazarın həcmi 2023-cü ildə 0,84 milyard ABŞ dolların­dan 2028-ci ildə 1,13 milyard ABŞ dollarına yüksələcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, 2021-ci ildə xurmanın ixrac dəyəri 2018-ci illə müqayisədə 12,7 faiz artaraq 620,1 milyon ABŞ dollarına yüksəlib. Bu dövrdə İspaniya, Azərbaycan və Özbəkistan xurma meyvəsinin aparıcı ixracatçıların­dan olub.

Qeyd edilən artımın əsas səbəbi idxalçı ölkələrdə xurmanın yüksək qiymətlərlə alınması ilə bağlıdır. Alma­niya, ABŞ və s. kimi istehsalı olmayan və ya az olan bir çox ölkələrdə xurma meyvələrinə tələbat yüksəkdir. Bu ölkələr Çin kimi istehsalın çox olduğu ölkələrdən idxal edirlər. Maraqlıdır ki, Çin aparıcı ixracatçı olmaqla həm də ən çox idxal edən ölkələrdən biridir.

“Xalq qəzeti”

İqtisadiyyat