Azərbaycanın heyvandarlıq, pambıqçılıq və taxılçılıqda böyük ənənələrini yaşadan Bərdədə artıq taxıl biçini başa çatıb. Sahələrdən 60 min 385 ton buğda, 17 min 885 ton arpa toplanıb. Bundan başqa, indiyədək 1518 ton qarğıdalı yığılıb. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 45,8 sentner, arpa üzrə 41,7 sentner, qarğıdalı üzrə 81,2 sentner təşkil edib.
Hazırda rayonda kütləvi pambıq yığımına hazırlıq gedir. Bərdə 1970–1980-ci illərdə Azərbaycanın ən çox pambıq tədarük edən rayonlarından biri idi. 1981-ci ildə burada 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edilmişdi. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə maraq azalmışdı. Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində rayonda pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoydu.
Prezident İlham Əliyev əmək tutumu böyük, gəlir imkanları geniş olan bu sahənin inkişafını ölkədə aqrar sektorun əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərildi. Görülən işlər Bərdə rayonunda pamıqçılığın inkişafına yenidən təkan verdi. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaratdı.
Bunun nəticəsidir ki, 2015-cı ildən başlayaraq Bərdədə pambıq sahələri artırıldı. İnnovativ becərmə və müasir suvarma texnologiyaları və qabaqcıl təcrübələrin tətbiqi, yüksək keyfiyyət göstəricilərinə malik pambıq sortlarının səpini məhsuldarlığı artırdı. Bundan başqa, pambıqçılıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə qısa müddətli təlim kursları təşkil edildi, eyni zamanda, pambıq sahələrində pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması üçün ciddi tədbirlər həyata keçirildi. Bunlar isə məhsuldarlığa təsir edən amillərdir. Ötən il ərzində 11 min hektar sahədən 35 min 954 ton pambıq toplanıb. Hər hektardan orta məhsuldarlıq pambıq üzrə 32,6 sentner olub. Bu il daha yüksək məhsul gözlənilir.
Bərdədə digər kənd təsərrüfatı məhsullarında da artım var. 2023-cü ilin yanvar–iyun aylarında rayonda 232 milyon 733 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, onun 130 milyon 831 min manatı və ya 56,2 faizi bitkiçiliyin, 101 milyon 902 min manatı və ya 48,3 faizi heyvandarlığın payına düşüb. 2022-ci ilin yanvar–iyun ayları ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 21,2 faiz artıb. Bu il 1600 ton kartof, 86 min 541 ton tərəvəz, 34 min 820 ton bostan məhsulları, 51 min ton meyvə və giləmeyvə yığılıb.
Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

