Türk adı Tanrının adından gəlir

post-img

(“Vətən” poemasından bir parça) 

Türk adı Tanrının adından gəlir,

Nuru atəşindən, odundan gəlir,

Göylərin ən uca dərinliyindən

Yerlərin ən dərin qatından gəlir.

Türkü çətin duyar kin adamları, 

Şeytan adamları, cin adamları...

Türk qəbilələri, 

Türk tayfaları, --

Qədim şumerlərin qonşuluğunda, 

Qafqazda, Altayda, Pamir dağında,

Baykal ətrafında, İrtış boyunda,

Xəzər dənizində, İtil çayında, 

Ural laylasında, Sibir düzündə, 

Ümman sinəsində,

Günəş gözündə,

Hunlarla qayıdıb ön Asiyaya,

Qayıdıb Qafqaza, Anadoluya,

Turların, sakların sıralarında, 

İdil bulqarların aralarında,

Bir kökdən boy atıb pardaqlanırdı, 

Bir boydan su içib budaqlanırdı. 

Bir soydan gəlirdi hun da, suvar da,

Bərdədə, Şəmkirdə, Biləsuvarda, 

Alban dağlarında, qədim Şirvanda

Qədimdən də qədim Azərbaycanda.

Beləcə gəlirdi Macar türkləri, 

Beləcə gəlirdi Acar türkləri,

Beləcə gəlirdi Bulqar türkləri,

Beləcə gəlirdi Uyğur türkləri, 

Beləcə gəlirdi Xəzər türkləri, 

Beləcə gəlirdi Azər türkləri, 

Beləcə gəlirdi Od Ər türkləri, 

Beləcə gəlirdi Saf Ağ türkləri,

Beləcə gəlirdi Ar Sak türkləri,

Gəlirdi, beləcə Saf Qan türkləri,

Gəlirdi, beləcə Turan gəlirdi...

Tarixə həkk edib ilk Turanlığı

Beləcə yarandı Sibir xanlığı,

Şeybani xanlığı, Qıpçaq xanlığı, 

Peçeneq xanlığı, Qazax xanlığı,

Uz, Tuna, Buxara, Qaşğar xanlığı,

İtil Bulqar, Kazan, Kırım xanlığı, 

Həştərxan, Urmiya, Uyğur xanlığı, 

Noqay, Qırğız, Türkmən, Tuva xanlığı,

Ərbil, Gəncə, Dərbənd, Quba xanlığı, 

Naxçıvan, İrəvan, Bakı xanlığı,

Qarabağ, Lənkəran, Şəki xanlığı, 

Beləcə yarandı Türk xanlıqları.

Türk xanimanları, xaqanlıqları... 

 

 

Ramiz QUSARÇAYLI,
şair

Sosial həyat