Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakı və bölgələrdə daha 100 mənzil və fərdi ev verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir. Qeyd olunur ki, mənzillərin təqdim edilməsində Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, nazirliyin aparat rəhbəri Fuad Musayev iştirak ediblər.
Tədbirlərdə nazirliyin məsul şəxsləri qeyd ediblər ki, şəhid ailələri və müharibədə əlilliyi olanların mənzillə təminatı proqramına ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və bu iş ildən-ilə uğurla davam etdirilir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi əsasında bu proqram 5 dəfə genişlənib.
Avqustun 6-da Bakı və 15-ə yaxın rayonda daha 100 mənzil və fərdi ev təqdim olunub. Beləliklə, yeni verilən mənzil və fərdi evlər də daxil olmaqla postmüharibə dövründə 5 min 100, bu il 600, ümumilikdə, ötən dövrdə 13 min 900 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilib.
Tədbirdə, həmçinin şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi, məşğulluğunun təminatı, reabilitasiya xidmətləri ilə əhatə olunmaları və s. istiqamətlərdə həyata keçirilən ardıcıl dəstək tədbirlərindən də bəhs olunub.
Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daim diqqət və qayğı ilə əhatə olunduqlarına, yeni mənzil və fərdi evlərlə təminata görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

