Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən gənclər üçün qiymətləndirmə aparılıb. 16 nəfər əlilin kurs müddətində biliklərə yiyələnmə səviyyəsi yoxlanıb.
Sosial Xidmətlər və Dövlət Məşğulluq agentliklərinin nümayəndələrinin iştirakı ilə kompüter istifadəçisi, rəssamlıq, dərzilik, aşpaz köməkçisi, kişi bərbəri, qadın bərbəri də daxil olmaqla ümumilikdə 6 istiqamət üzrə təlimləri bitirən şəxslərin əldə etdikləri bilik və bacarıq səviyyələri yoxlanılıb. İmtahan komissiyasının qərarına əsasən onlardan 16 nəfərinə şəhadətnamə təqdim edilib.
Ümumilikdə isə bu il ərzində müəssisədə 3 dəfə qiymətləndirmə aparılıb və kursları 82 nəfər şəhadətnamə ilə bitirib. Onlardan 24 nəfəri Vətən müharibəsi əlilidir.
Qeyd edək ki, mərkəzdə 15–29 yaşlı əlillərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada müxtəlif peşələr üzrə 3–6 aylıq kurslar təşkil olunur.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”

