“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Bakı Olimpiya Stadionunda Ağdam təmsilçisi Polşanın “Rakuv” komandasını qəbul edib. Sven Yablonskinin baş hakimlik etdiyi matçda oyunun 52-ci dəqiqəsində qonaqların heyətində Fran Tudor dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb – 0:1. Görüşün 60-cı dəqiqəsində ağdamlıların heyətində Elvin Cəfərquliyevin cərimə meydançasına ötürdüyü topu saxlamadan rəqib qapısına göndərən Redon Cica hesabda tarazlığı bərpa edib – 1:1. Qalan dəqiqələrdə qol vurulmadığından oyun 1:1 hesabı ilə yekunlaşıb.
Bununla da “Qarabağ” mərhələ adlaya bilməyib. Ağdam təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) / “Molde” (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

