Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 2 min 883 işsiz şəxs cəlb edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən aldığımız xəbərdə deyilir.
Bildirilir ki, layihəyə cəlb olunanların sayı 9 min 457 nəfərə çatıb. Qeyd edilir ki, layihənin məqsədi işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin – əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və s. həssas kateqoriyadan olanların özünüməşğulluq üzrə kiçik bizneslərinin yaradılmasıdır.
Ümumilikdə, bu kateqoriyadan olan 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi hədəflənib.
Qeyd edək ki, layihənin iştirakçıları üçün əvvəlcə təlimlər təşkil olunur. Sonda keçirilən qiymətləndirmədə biznes planlarını müdafiə edən şəxslər istehsal və xidmət sahələri üzrə təsərrüfatlarını yaratmaları üçün avadanlıqlarla təmin olunurlar.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”

