Daşınmaz əmlak tarifləri aşağı salındı

post-img

Bu tənzimləmə iqtisadi stimulları da gücləndirəcək

Tarif (qiymət) Şurasının iclasında dövlətin sosial siyasətinə uyğun olaraq, tariflər tənzimlənərkən sosialyönümlülük nəzərə alınıb, iqtisadi əlverişlilik və xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb. Tənzimləmələrdə əsas istiqamətlər sırasında isə şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olan hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına hesablanan xidmət haqqına 50 faiz güzəşt tətbiq edilib. İşğalçıdan təmizlənən ərazilərdə yerləşən daşınmaz əmlak obyektləri üzrə xidmət haqqına da eyni faizli güzəşt tətbiq olunub. 

Sahibkarlığa dəstək və biznes mühi­tinin inkişafı tədbirləri çərçivəsində edilən güzəştlər çərçivəsində isə sənaye, nəq­liyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə tariflərdə 75-86 faiz azal­ma tətbiq edilib. Eyni zamanda, kiçik və orta biznesin dəstəklənməsi baxımından sahəsi min kvadratmetrə qədər olan əm­lakların tarifləri azaldılıb. İqtisadi fəaliy­yətin canlanmasına da əlavə stimul yara­dılıb. Belə ki, yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər orta hesabla 5,2, aqrar sahənin dəstəklənməsi məqsədilə kənd təsərrü­fatı təyinatlı torpaqlar üzrə tariflər isə orta hesabla 73 faiz aşağı salınıb. 

Beləliklə:

– kənd təsərrüfatı təyinatlı torpaq­ların qeydiyyat tarifləri sahə 5 hekta­radək olduqda 100 manat, 5 hektardan çox olduqda, hər əlavə 1 hektar üçün əlavə olaraq 10 manat təşkil edir;

– sahibkarlığa dəstək və biznes mühitinin inkişafı məqsədilə sənaye sahələri 1 hektaradək olduqda 500 manat, 1 hektardan çox olduqda, hər əlavə 1 hektar üçün əlavə olaraq 100 manat xidmət haqqı hesablanır; 

– kiçik və orta biznesin stimullaş­dırılması üçün min kvadratmetrə qə­dər olan qeyri-yaşayış sahələri üzrə (bina, tikili, qurğular və onların tərkib hissələri) tariflərdə əmlakın yerindən və sahəsindən asılı olaraq 1-8 faiz azalma tətbiq edilir.

İstər sahibkarlığın, istərsə də aqrar sektorun dəstəklənməsi məqsədilə mü­vafiq tarif qiymətlərinin azaldıması bu sahələrdə biznesin qurulması və inkişafı­na, innovativ ideyaların reallaşdırılması­na xidmət edir. Xatırladaq ki, respublika­mızda mikro, kiçik və orta sahibkarlıqda idarəçiliyin müasir tələblərə uyğunlaş­dırılması, kiçik və orta biznesin inkişa­fının dəstəklənməsi, eyni zamanda, bu sahələrin ölkə iqtisadiyyatında rolunun artırılması dövlət başçısı tərəfindən ha­zırda qarşıya qoyulan prioritet vəzifələr­dir. 

Bəli, bu gün respublikada mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yaradıl­ması və inkişafına xüsusi diqqət yetirilir. Bu məsələ iqtisadiyyatın tərəqqisində, şaxələnməsində mühüm istiqamət hesab edilir və bu sahənin dayanıqlı və davamlı inkişafa, məşğulluğun təmin edilməsinə, yoxsulluğun azaldılmasına, sahibkarlığın və innovasiyaların stimullaşdırılmasına verdiyi töhfə yüksək dəyərləndirilir. 

“Azərbaycan 2030: sosial-iqtisadi in­kişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında da kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən­ləşdirilib.

Son illərdə ölkəmizdə kiçik və orta biznes subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. Bu sektorun tənzimlənməsi, biznesə dövlət xidmət­lərinin göstərilməsinin yaxşılaşdırılması, biznes maraqlarının müdafiəsi, bazarlara və maliyyəyə çıxışının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb və nəticədə müsbət göstəricilər əldə edilib. 

Onu da qeyd edək ki, dövlətin sosial siyasətinə uyğun olaraq, qiymətlər tən­zimlənərkən çoxmənzilli yaşayış binala­rının inventarlaşdırılması üzrə tariflər 46-49 faiz azaldılıb. Xidmətin keyfiyyətinin və çevikliyinin artırılması üçün daşınmaz əmlakın dövlət reyestrindən məlumatla­rın yoxlanılması və reyestrə məlumatın daxil edilməsi üzrə xidmət haqqı 30 ma­natdan 36 manatadək məbləğdə müəy­yənləşdirilib. Ümumilikdə, daşınmaz əmlakla bağlı tariflərin sayı 79-dan 60-a endirilib. Xidmət sayının optimallaşdı­rılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tama­milə ləğv edilməsinə imkan yaradıb. 

Tarif (qiymət) Şurası tərəfindən döv­lət qeydiyyatına alınan daha 95 dərman vasitəsinin qiymətini də tənzimlənib. Belə ki, əhalinin sağlamlığı baxımından mü­hüm önəm daşıyan, sahibkarlar üçün idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təchizatın gerçəkləşdirilməsi məqsədilə aidiyyəti qurumların rəyi əsasında 46 dərman va­sitəsinin qiyməti təsdiqlənib. 

Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmət­lərinin tarifləri tənzimlənərkən, müvafiq qanunvericiliyə edilən dəyişikliklər yeni xidmətlər üzrə tariflərin müəyyənləşdi­rilməsinə, mövcud tariflərin tənzimlən­məsinə zərurət yaradıb. Bu zaman əsas məqsəd daşınmaz əmlak sahəsində idarəçilik sisteminin rəqəmsal texnologi­yalar əsasında müasirləşdirilməsi, şəffaf­laşdırılması, keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi olub.

Tarif (qiymət) Şurasının iclasında xid­mət tariflərinin optimallaşdırılmasına da baxılıb. Nəticədə tariflərin sayı 79-dan 60-a endirilib, xidmət sayının optimallaş­dırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tama­milə ləğv edilməsinə imkan yaradıb. Tarif (qiymət) Şurasının qərarına əsasən, qa­nunvericiliyə dəyişikliklər nəticəsində ya­ranmış yeni 9 xidmət üzrə 14 tarif müəy­yənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, 29 tarif tətbiq olunmadığı üçün ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib. 

Tarif (qiymət) Şurası tərəfindən yaşa­yış fondu üzrə qiymətlər də tənzimlənib. Belə ki, çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər hər bir kvadratmetr üçün çoxmənzilli binanın yerləşdiyi zonadan asılı olaraq 46-49 faiz azaldılıb. İlkin və təkrar texniki inventar­laşdırılma və sifarişlə həyata keçirilən yerquruluşu işləri üçün tarif çoxmənzilli yaşayış binalarının ümumi sahəsinin hər 1 kvadratmetr üçün 0,65 manat səviyyə­sində müəyyənləşdirilib. 

Mənzillər üzrə isə bu tariflər sahə­si 50 kvadratmetrədək (50 kvadratmetr daxil) olduqda Bakıda 40 manat, Abşe­ron, Sumqayıt və Gəncədə 35 manat, di­gər şəhər və rayonlarda 30 manat təşkil edir. Yaşayış fondunun sahəsi 50 kvad­ratmetrdən çox olduqda isə hər əlavə 1 kvadratmetr üçün anoloji olaraq 0,40, 0,32 və 0,30 manat əlavə olunur. 

Tarif (qiymət) Şurası daşınmaz əmlak sahəsində göstərilən digər xidmətlər üzrə də tarifləri təsdiq edib. Bunlar torpaq tə­dqiqatlarının aparılması, xəritələşdirilmə­si və sifarişçiyə təqdim olunması, texniki kadastr və yerquruluşu məlumatlarının və sənədlərinin (arxiv arayışları, texniki sənədlərin təsdiqlənən surəti) verilməsi, sxematik ünvan planlarının tərtibi və sa­irdir.

V.BAYRAMOV, “Xalq qəzeti”

Sosial həyat