Bir yaşın mübarək, “Cocuq Mərcanlının kiçik qardaşı”

post-img

Həmin tarixi fakt ərəfəsində mən yazmışdım ki, bu gün Cocuq Mərcanlının kiçik qardaşı dünyaya gələcək. Gəldi. Kiçik qardaşın sevinci həmin gün 58 soydaşımızın gözlərini yaşartmışdı. Amma, təkcə onlarınmı, əsla yox! Həmin gün bütün azərbaycanlıların ürəyi riqqətlə döyünürdü. “Allah səni qorusun, Azərbaycan əsgəri!” – deyən yaşlı qadın da sevincdən ağlayırdı, “Bu günü bizə bəxş edən Ali Baş Komandanımıza eşq olsun!” – deyə səsini sanki buludlara qədər çatdırmaq istəyən əli əsalı ağsaqqal da. Köçləri daşıyacaq avtomobillərin sürücüləri də həyəcanlı idi – onlar tarixə düşürdülər, faktı qələmə və ya lentə alan həmkarlarımız da – onlar isə tarixi yazırdılar. 

Otuz ildən çox idi ki, biz həmin mənzərəni, lövhəni arzulasaq da, etiraf edim ki, inana bilmirdik. Ali Baş Komandan öz ordusu ilə həmin inamsızlıqların hamısını tarixin arxivinə göndərdi. İndi dəqiq yadımda deyil, həmin gün saytların hansındasa oxumuşdum ki, bu saatdan etibarən işğaldan azad olunan torpaqlara Böyük qayıdışın ilk mərhələsi başlanır. Zəngilan rayonunun Ağalı kəndinin sakinləri 30 ildən sonra müasir şəkildə qurulan Ağalıya ayaq basacaqdılar. İllər öncə doğma yurdlarından didərgin salınan Ağalı sakinləri artıq məcburi köçkün deyil. Bu gün 58 ağalılı öz evinə qovuşacaq. Televiziya jurnalisti olan gənc xanım isə daha həyəcanlı idi: “Hər bir Ağalı sakininin üzündən oxumaq olur yurd sevgisini. Gözlərində yaş, ürəklərində həyəcan, qürur, sevinc və ümid... Onlar sevinc göz yaşları ilə Bakıda məskunlaşdıqları Zəngilan şəhərciyindən doğma el-obalarına yol alırlar”.

İnanıram ki, həmin məqamı televi­ziya üçün tarixləşdirmiş olsaydım, müt­ləq mən də dilin qrammatik qaydalarına tam əməl edə bilməzdim. Bəli, getdilər, məskunlaşdılar, bütün dünyaya sübut etdilər ki, o torpaqlarda məhz biz ya­şamışıq, yaşamalıyıq və yaşayacağıq. 

Biz hamıya sübut etdik ki, Azərbay­can xalqı, müzəffər Ali Baş Komanda­nımız və dünyanın ən güclülərindən olan Azərbaycan Ordusu öz qərarında qətidir, dönməzdir və qələbələrə layiq­dir. Ancaq torpaqları düşmən tapda­ğından azad etməklə iş bitmirdi. Əsas vəzifələrdən biri də işğal dövründə vi­ranəyə çevrilmiş ərazilərin bərpası idi. Azərbaycan dövləti bunu da bacardı. Bəzi ekspertlər Qarabağ və Şərqi Zən­gəzurda həyata keçirilmiş dağıntıları, urbisiti, ekosidi və minalanma təhlükə­sini nəzərə alaraq deyirdilər ki, qayıdış üçün uzun illər tələb edə bilər. Ancaq Prezident İlham Əliyev belə düşün­mürdü. Məhz onun Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işlərinə diqqəti nəticəsində Zəngilanın Ağalı kəndinə qayıdış 44 günlük müharibə­dən cəmi il yarım sonra baş tutdu. 

Təkcə azərbaycanlılar deyil, bey­nəlxalq aləmdəki çoxsaylı dost və tərəfdaşlarımız da səmimiyyətlə etiraf edirlər ki, işğaldan azad olunmuş əra­zilərin sürətlə bərpa edilməsi, Böyük qayıdış proqramının uğurla reallaşdırıl­ması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan döv­lətinin gücünün və qüdrətinin əyani göstəricisidir. 

Xatırladaq ki, işğaldan azad edil­miş ərazilərimizdəki ilk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyul­muşdu. Sonrakı il iyulun 19-dan başla­yaraq isə Ağalı kəndinə qayıdış çərçi­vəsində dörd mərhələdə təxminən 200 nəfərdən ibarət 41 ailə köçürülmüşdür. 

Ağalıda olmuş həmkarlarımızın yazdığına görə, kənddə innovativ tikin­ti materiallarından istifadə olunmaqla tam izolyasiya edilmiş 200 fərdi ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Növbəti mərhələ çərçivəsində 150 evin tikilməsi nəzər­də tutulur. Hətta bir televiziya süjetin­də gördüm ki, burada enerjiyə tələbat alternativ enerji mənbələri vasitəsilə təmin olunur.

Yəni, bütün məsələlər ən yüksək səviyyəli texniki vasitələrin köməyi ilə həll olunmuşdur. Üstəlik, burada eynilə şəhər mühitində olduğu kimi, Smart DOST, ASAN, Azərpoçt, kiçik və orta biznesin inkişafı mərkəzləri fəaliyyət göstərir. Amma, bütün bunlar o demək deyil ki, Ağalı “kəndlikdən” tamamilə çıxır. Yox, burada aqrar sektorun in­kişafına xüsusi önəm verilir. Rəsmi məlumatlarda bildirilir ki, kəndin kə­narındakı böyük əkin sahəsində pivot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzər­də tutulur. Eyni zamanda, kənd ərazi­sində iqlim stansiyalarının da tikilməsi planlaşdırılır.

Bəli, Ağalı məktəbində ilk zəngi də eşitmişdik, “son zəng”ə də şahidlik et­dik və hətta bu günlərdə xəbər gəldi ki, orada ilk nişan mərasimi də olub. Allah xoşbəxt eləsin!

Cocuq Mərcanlının “kiçik qardaşı”­nın bir yaşı münasibətilə qələmə aldı­ğımız qeydləri Prezident İlham Əliyevin ötən il mayın 27-də məhz Ağalı kəndin­də “Ağıllı kənd” layihəsinin birinci mər­hələsi üzrə açılış mərasimində səslən­dirdiyi fikirlərlə tamamlamaq istəyirik: “Biz bundan sonra müzəffər xalq kimi yaşayacağıq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqəti­mizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq. Bax, həyat qayıdır – Zəngilana, başqa yerlərə, Şuşaya”. 

İ.QAÇAYEV, “Xalq qəzeti”

Sosial həyat