Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 17-də Azərbaycanda səfərdə olan Rumıniyanın Müsəlman icmasının müftisi Murat Yusuf ilə görüşüb.
Görüş zamanı Komitə sədri Azərbaycan və Rumıniya arasındakı uğurlu münasibətlərə diqqət çəkərək iki ölkənin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığını vurğulayıb.
Daha sonra qonağa Dövlət Komitəsinin fəaliyyəti, nümunəvi dövlət-din münasibətləri, dinlərarası harmoniya, eləcə də dinə dövlət qayğısı barədə məlumat verən Mübariz Qurbanlı bildirib ki, tarixən çoxmədəniyyətli və tolerant ənənələrlə zəngin cəmiyyəti olan Azərbaycan dövləti bu dəyərləri möhkəmləndirmək siyasətini həyata keçirir. Ölkəmizdə məscid, ziyarətgah, kilsə və sinaqoqların inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayrılır, eyni zamanda, hər il müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı göstərilir. Dini konfessiya nümayəndələrinin hər biri öz maddi və mənəvi dəyərlərini, mədəniyyətini, dilini qoruyub-saxlamaq imkanına malikdir. O, həmçinin Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyət istiqamətləri haqqında danışaraq onların yaradılmasının sağlam dini mühitin bərqərar olması üçün geniş imkanlar açdığını diqqətə çatdırıb.
Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu ifadə edən Rumıniyanın Müsəlman icmasının müftisi Murat Yusuf ölkəsindəki dini mühit, müsəlman icmasının fəaliyyəti barədə danışıb. Azərbaycanda mədəni müxtəliflik, tolerantlıq və multikulturalizm kimi məsələlər üzrə fəal iş aparıldığını qeyd edən müfti görüşün iki ölkə arasında müvafiq sahədə fikir mübadiləsi aparılması üçün əhəmiyyətini vurğulayıb. Komitə rəhbərliyini əməkdaşlığın daha da dərinləşməsi üçün Rumıniyaya səfər etməyə dəvət edib.
Rumıniya Parlamentinin üzvü, Parlamentdəki Tatar icmasının nümayəndəsi Amet Varol, Türk-Müsəlman Tatarlarının Demokratik Birliyinin vitse-prezidenti Arslan Özgün və Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin də iştirak etdiyi görüşün sonunda qonaqlara ölkəmizin tolerant və multikultural mühitindən, dinə dövlət qayğısından bəhs edən kitablar hədiyyə edilib.
"Xalq qəzeti"