Baş konsul: Şəmkirlilər zəlzələ zamanı çox kömək etdilər

post-img

          Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopu Şəmkir Rayon İcra Hakimiyyətində olub. Şəmkir RİH başçısı Rəşad Tağıyevlə görüşdə Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və digər əlaqələrin getdikcə daha da dərinləşməsindən söhbət açılıb.

Qonağa Şəmkirin  tarixi, mədəniyyət abidələri, sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verilib, reallaşan layihələrdən, görülən işlərdən danışılib. Bildirilib ki, bu gün Şəmkirdə müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye, kənd təsərrüfatı müəssisələri fəaliyyət göstərir, yeni istehsal müəssisələri açılır, turizm sektoru inkişaf edir.

         Görüşdə hər iki ölkənin regionları arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, eyni zamanda, müxtəlif sahələr üzrə gələcəkdə birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

         Əsas məqsədinin Şəmkirlə yaxından tanışlıq olduğunu bildirən Recep Öztop belə səfərlərin yaxın əlaqələrin, dostluğun daha da möhkəmlənməsində əhəmiyyətli olduğunu qeyd edib. Baş konsul deyib ki, Azərbaycanla Türkiyə eyni dildə danışan, eyni əqidəyə mənsub, sözdə deyil, əməldə bir olan iki qardaş dövlətdir.

         Recep Öztop Türkiyədə baş verən zəlzələdə Şəmkir sakinlərinin göstərdiyi dəstəyə görə də təşəkkürünü çatdırıb. Bildirib ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri birlik və həmrəyliyimizin bariz göstəricisidir.

 

                Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri

 





Sosial həyat