Elmi adların verilməsində qanunsuz hallara yol verən vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunub

post-img

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Şəfa Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Şəfa Əliyev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sosial həyat