Ağalıda ilk nişan mərasimi

post-img

İşğaldan azad edilən bölgələrimizdən, hər gün xoş xəbərlər gözləyirik. Hər köç xəbəri bizim də ürəyimizi o yerlərin sakinləri kimi fərəhlə doldurur.

Dünən Ağalıdan daha bir xoş xəbər aldıq! Belə xəbərlərin davamlı olması diləyilə, onu oxucularımızla da payla­şırıq: 

Uzun illərdən sonra işğaldan azad olunan və qısa müddətdə yenidən qu­rulan Zəngilan rayonunun Ağalı kəndin­də nişan mərasimi keçirilib.

30 ildən sonra Sumqayıtdan yola düşən maşın karvanı Ağalıda Məmmə­dovlar ailəsinin evinin qarşısında daya­nıb. Sevinc-sevincə, musiqi-musiqiyə qarışdı. Ağalının ilk nişan mərasiminin səsi də uzaqlara yayıldı. Bu yerlərdə ilk xeyir iş sevincini yaşamaq Məmmə­dovlar ailəsinə nəsib oldu.

Dünyamalıyevlər ailəsi Sumqayıt şəhərindən el adəti ilə Ağalıya, Məm­mədovlar ailəsinə qızları Arzu üçün elçi gəliblər. Beləliklə, valideynlərin də xe­yir-duasını alan Rüfət və Arzu üçün ni­şan mərasimi keçirilib və yeni bir ailənin təməli qoyulub.

Qeyd edək ki, Rüfətlə Arzu Məm­mədovların ailəsi Ağalıya köçəndən sonra bir-birindən ayrı düşüblər. Tele­fon əlaqəsi, görüntülü söhbətlər isə ara verməyib. Nəhayət, valideynlərə növbə çatıb. Övladlarının xoş niyyətlərindən sevinən valideynlər bu məsələdə onla­rın yanlarında olduqlarını bildiriblər. Və beləliklə... nişan mərasimi Ağalı kəndi­nin mərkəzində yerləşən şadlıq evində keçirilib. İki gəncin sevincli günündə ailələri ilə bərabər, Şərqi Zəngəzur İqtisadi rayonu üzrə xüsusi nümayən­dəliyin əməkdaşları, kənd sakinləri də iştirak ediblər.

Xoşbəxt olun, gənclər! İnşallah, belə xoş xəbərləri bundan sonra daha çox eşidəcəyik. 

“Xalq qəzeti”

Sosial həyat