“Korrupsiyaya qarşı mübarizə” ilə bağlı təlim

post-img

          Xeyli müddətdir ki, Göygöl Rayon İcra Hakimiyyəti maraqlı bir layihəyə imza atıb. "Kadr potensialının gücləndirilməsi" adlanan layihə çərçivəsində hər dəfə bir  təlim keçirilir. Burada aparat işçilərinin, kənd və qəsəbə icra nümayəndələrinin, bütövlükdə dövlət qulluqçularının davranış qaydalarından tutmuş, geyiminə-keciminə, dünyagörüşünə kimi müxtəlif biliklər verilir, söhbətlər aparılır, sua-cavablar, disskusiyalar keçirilir.

         Növbəti təlim  rayon icra hakimiyyətinin və Azərbaycan İnsan Resursları Assosiasiyasının birgə təşkilatçılığı ilə  hüquq üzrə fəlsəfə doktoru, dosent, ədliyyə qulluqçusu, Avropa Şurasının «Korrupsiyaya qarşı mübarizə» üzrə yerli eksperti Nazənin Hüseynova tərəfindən keçirilmişdir. İcra hakimiyyətinin və icra nümayəndəliklərinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə texnikaları” mövzusunda təşkil olunan bu ikigünlük təlim də böyük maraqla qarşılanmışdır. 

         Qeyd edək ki, iki moduldan ibarət olan təlimin birinci günündə iştirakçılara korrupsiyanın mahiyyəti, əsas xüsusiyyətləri və fomaları barədə geniş məlumat verilmiş, bu sahədə aparılan dövlət siyasətindən və ölkədə qurulan korrupsiyanın qarşısını tam almağa imkan verən yeni milli idarəetmə modelindən bəhs olunmuşdur. İnteraktiv təlim metodları, beyin fırtınası və keyslər əsasında keçirilən təlimdə iştirakçılara korrupsiyanın növləri və neqativ sosial, iqtisadi və siyasi təsirləri barədə dolğun məlumat verilmişdir.

         Təlimin ikinci günündə keçirilən modulda isə iştirakçılara korrupsiyanın qarşısının alınmasında insan faktorunun rolu barədə bilgilər çatdırılmışdır. Dövlət qulluçusunun davranışında riayət etməli olduğu əsas məqamlar, vətəndaş məmnunluğu üçün şəxsi keyfiyyətlərin və düzgün ilkin təəssürat yaratmağın rolu barədə geniş məlumat verilmişdir.

         Məlumat üçün bildirək ki, rayon icra hakimiyyətinin başçısı Elvin Paşayevin özünün təşəbbüsü ilə keçirilən təlimlər öz effektivliyini verir. Bunu aparat işçiləri, İƏD nümayəndəlikləri ilə müntəzəm əlaqədədə, ünsiyyətdə olan sakinlər də qeyd edirlər.

 

                    Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri,
Göygöl rayonu

 





Sosial həyat