Qurban bayramınız mübarək, əziz dostlar!

post-img

Bu gün Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilan və Cəbrayılda da qurbanlar kəsiləcək

Azərbaycan Respublikası dünyəvi dövlətdir. Ancaq hər bir sakinin mənəvi dəyərlərinin qorunması, vicdan azadlığı ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir. Müsəlman dünyasının islami dəyərlərə ən sədaqətli ölkələrindən olan respublikamızda bu məsələlər  yüksək səviyyədə öz həllini tapmışdır. 

Hər bir şəxsin hüquq və azadlıqlarının təməl prinsiplərindən olan vicdan azadlığının dünya təcrübəsi səviyyəsində qorunmasının  əsası  ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev isə respublikamızı bu sahədə nümunəvi ölkəyə çevirmişdir. Bu zaman onu da xüsusilə vurğulayaq ki, ölkəmizdə  təkcə İslami dəyərlər üstün tutulmur. Əsla belə deyil. Bu gün gənc müstəqil dövlətimizdə bütün səmavi dinlərin təmsilçiləri tam sərbəst şəkildə istənilən dini ayinlərini yerinə yetirirlər. Hətta Azərbaycan ərazilərinin 20 faizini otuz il işğal atında saxlayaraq viranəyə çevirmiş, onlarca məscidimizi dağıtmış ermənilərin də ölkəmizin paytaxtındakı kilsəsi öz əvvəlki şəkilində qorunub saxlanılır. 

Ölkənin müsəlman, xristian və yəhudi icmalarının elə bir dini bayramı olmur ki, həm dövlət başçımız, həm də Birinci vitse-Prezident həmin icmanı əlamətdar gün münasibətilə təbrik etməsin. Elə dövlət başçımızın bugünkü bayram münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik məktubu da qeyd etdiklərimizin sübutu kimi dəyərləndirilir. 

Cənab Prezidentin təbrikində xatırladılır ki,  milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir: “Bu günlərdə həm Həcc ziyarətində, həm də ölkəmizin hər yerində dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur”.

Onu da əlavə edək ki, Azərbaycanın da üzv olduğu Türkdilli Dövlətlər Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının üzvlərinin hamısı, Qoşulmama Hərəkatı üzvlərinin isə təxminən yarısı müsəlman ölkələridir. Yəni bu gün həmin ölkələrdə də qurbanlar kəsiləcək, dünyanın daha sakit, əmin-amanlıq olan sabahı üçün dualar ediləcəkdir. Biz də həmin yüz milyonlarla dindaşlarımızla bərabər bəşərin daha aydın sabahları üçün dualar edirik. Ancaq builki Qurban bayramı  Azərbaycan xalqı üçün daha əlamətdardır. Çünki bu il Böyük Qayıdışın qaranquşları kimi öz tarixi ata-baba yurdlarına qayıtmış soydaşlarımız həmin el-obalarında da qurban kəsəcəklər. 

Bayramınız mübarək, qurbanlarınız qəbul olsun, əziz dostlar! Aqillərin fikrincə, ayrılıqda bir kənddə, şəhərdə və ya ölkədə sülhün, əmin-amanlığın qorunmasına xidmət etmək son nəticədə bəşər övladına xidmət etməkdir. Biz xoşbəxtik ki, Azərbaycan həm bu baxımdan, həm də faktiki olaraq bəşəri dəyərlərə xidmət edir, hər yerdə sülhün bərpasına çalışır. Hamının səmasının aydın olması arzusuyla: 

İttifaq MİRZƏBƏYLİ, 

“Xalq qəzeti” 

Sosial həyat