Bakıda sovet dövründən qalma nişanələr

post-img

Bakıda, o cümlədən mərkəzi küçələrdə SSRİ-nin dövlət simvollarını əks etdirən nişanlar, kiril əlifbası ilə yazılmış bəzi lövhələr, hələ də qalmaqdadır. 

Görkəmli şəxslərin yaşadıqları bi­nalara, oxuduqları təhsil ocaqlarına vurulmuş bəzi barelyeflərdə istifadə olunan əlifba, hələ də dəyişdirilməyib. Belə yazılardan əksəriyyəti məlumat xarakteri daşıyır. Rəsmi olaraq, 1991-ci ildən respublikamız latın qrafikalı Azərbaycan əlifbasına keçid edib. Bu əlifba ilə təhsil almış gənc nəsil isə kiril əlifbasını oxuya bilmir. Belə olan halda məlumat məqsədli qeydlər əhəmiyyəti­ni itirir. Haqlı sual yaranır: kirillə yazıl­mış lövhələr niyə dəyişdirilmir? Tarixiliyi qorumaq üçün? Yox, bu, sualın cavabı deyil, çünki bəzi abidələrin lövhələrində yazılar latın əlifbasına dəyişdirilib. 

Bu barədə Mədəniyyət Nazirliyinə sorğu göndərdik. Bizi bir şəxsdən digə­rinə yönləndirməklə yanaşı, sorğumuza cavab verməkdən də yayınmağa çalış­dılar. Təkidimizdən sonra, nəhayət, ca­vab verildi. Bildirildi ki, abidənin üzərin­də həkk edilən yazı onun bir hissəsidir, müəllif ideyasının əks olunmasıdır, bu yazıların dəyişdirilməsi abidəyə mü­daxilə hesab oluna bilər.(?!) 

Dövlət Dil Komissiyası yanında Mo­nitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva qeyd etdi ki, abidənin üzərindəki yazı saxlanıla bilər. Lakin nəzərə almaq lazımdır ki, Azərbayca­nın dövlət dili latın qrafikalı Azərbaycan dilidir və bu, bütün sahələrdə tətbiq edilməlidir. Məhz buna görə də kiril qrafikası ilə yazılmış abidələrin kifayət qədər yaxınlığında, həmin şəxsin adı və onun haqqında qısa məlumat yazıl­mış yeni məlumat löhvəsinin qoyulması daha məqsədə uyğundur. 

Təəssüf ki, paytaxtda kiril əlifbası ilə yazılmış əksər barelyeflərin yanında heç bir yeni məlumat lövhəsi yoxdur. 2002-ci ildə qəbul edilmiş “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. Qanunun 15-ci maddəsinin son bən­dində o da qeyd olunur ki, Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbaların­dan xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər. Bu isə, göründüyü kimi ünvan lövhələrinə barelyeflərə aid deyil.

Təəssüf ki, məsələ təkcə barelyef­lərlə bitmir. Araşdırarkən şahidi olduq ki, böyük şəxsiyyətlərimizə qoyulmuş abidələrdə də eyni halla rastlaşırıq. Xur­şidbanu Natəvanın, Üzeyir Hacıbəy­linin, Səməd Vurğunun heykəllərində yazılar kiril əlifbası ilə olduğu kimi sax­lanılıb. Heykəllər şəxsiyyətlərə olan hörmət göstəricisi və incəsənət əsəri olmaqla yanaşı, ölkəmizə gələn qo­naqlara bu məmləkət haqqında məlu­mat vermək məqsədinə də xidmət edir. Odur ki, latın qrafikalı qeydlərlə yanaşı, xarici dillərdə məlumatlar da olmalıdır.

Binalarda olan sovet dövrü nişanla­rına da eyni münasibət göstərilir. Yəni, bir hissələri yenilənərkən digər hissələ­rinə toxunulmur. Misal olaraq, Azərbay­can Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında (“İsmailiyyə” bi­nası) görülən işləri göstərmək olar. Binanın yuxarı hissəsində kiril əlifbası ilə yazılmış “Azərbaycan SSRİ Elmlər Akademiyası” sözü silinsə də, binaya sonradan sovet dövründə əlavə edilən medalyonlarda beşguşəli qızılı ulduzlar çıxarılmayıb.

Onu da qeyd edək ki, sovet döv­rünə aid nişanələrin daha çox saxlanıl­dığı yer isə Fəxri xiyabandakı bolşevik qəbirləridir. Belə ki, buradakı bolşevik qəbirlərinin üzərindəki yazılarda Azər­baycan Xalq Cümhuriyyəti dövrünün mənsubları, müsavatçılar təhqir edi­lib. Bu başdaşıların üzərində yazılıb: “Müsavat qatillərinin əli ilə öldürülmüş Mirfəttah Əli oğlu Müsəvi 1891-1919”, “Müsavat cəlladları tərəfindən vəhşi­cəsinə öldürülmüş alovlu bolşevik Əli Bayram oğlu Bayramov 1889-1920”. Dövlətçilik və varislik ənənəsini, bayra­ğını əmanət kimi istifadə etdiyimiz cüm­huriyyətin mənsublarının bu cür təhqir edilməsi yolverilməzdir. 

Mədəniyyət Nazirliyindən bildirildi­yinə görə, bu məsələ onların səlahiy­yətində deyil. Bəs kimin səlahiyyətin­dədir?

Rüfət MƏHƏRRƏMOV





Sosial həyat