ABŞ-ın Minnesota ştatında yaşayan Azərbaycan icması ölkəmizlə sərhəddə Ermənistanın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti ekoloji təxribatla bağlı yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.
Minnesota-Azərbaycan Assosiasiyası adından ABŞ-ın Ətraf Mühitin Mühafizəsi üzrə Agentliyinə və digər nüfuzlu beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi ştatda yaşayan Azərbaycan əsilli amerikalıların hiddətinə və dərin narahatlığına səbəb olub.
Bəyanatda bu xoşagəlməz olay Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarının kobud surətdə pozulması kimi dəyərləndirilib. Nəzərə çatdırılıb ki, həmin müddəalara əsasən, Ermənistanın öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırması tələb olunur.
Ermənistanın mütəmadi olaraq beynəlxalq və ekoloji hüquq normalarını pozduğu, Azərbaycanın bir müddət öncə Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar qonşu ölkənin Espo Konvensiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olduğu, iri mədən müəssisələri olan Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi zərər vurduğu kimi faktlar bir daha yada salınıb.
Minnesota-Azərbaycan Assosiasiyası beynəlxalq təşkilatları öz qanunsuz əməlləri ilə Azərbaycanın və regionun ekoloji mühiti üçün təhlükə yaratmaqla məşğul olan Ermənistana güclü təzyiq göstərməyə çağırıb.
Anar ƏLİ,
“Xalq qəzeti”