Ulu öndərin təbiət sevgisi və ona qayğısı

post-img

Lənkəranda ekoloq-jurnalist Bəxtiyar Hüseynovun ulu öndərin 100 illiyinə həsr etdiyi “Heydər Əliyev və Azərbaycan təbiəti” kitabının təqdimetmə mərasimi keçirilib. 

Ədliyyə Nazirliyi Cənub Regional İdarəsinin və Azərbaycan Yazıçılar Bir­liyi Lənkəran bölməsinin birgə təşkil et­diyi tədbirdə hüquq-mühafizə orqanları­nın işçiləri, yaradıcı ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Mərasimi giriş sözü ilə açan Azər­baycan Yazıçılar Birliyi Lənkəran şəhər bölməsinin sədri, Prezident mükafatçısı Qafar Cəfərli yeni kitabı ümummilli lider Heydər Əliyevin 100 illiyinə yaradıcılıq töhfəsi kimi dəyərləndirib. O bildirib ki, respublikamızda dahi rəhbərin diqqət yetirmədiyi, qayğı göstərmədiyi bir sahə tapmaq çətindir. Ölkəmizdə yaşanan in­diki tərəqqi və inkişafın təməli məhz dahi şəxsiyyətin Azərbaycana rəhbərliyi dövründə qoyulub. 

Natiq daha sonra ekoloq-jurnalist Bəxtiyar Hüseynovun “Heydər Əliyev və Azərbaycan təbiəti” kitabının ulu öndərin böyük diqqət yetirdiyi sahələr­dən biri olan əsrarəngiz Vətən təbiə­tindən bəhs etdiyini diqqətə çatdırıb. O, eyni zamanda, kitabda dahi rəhbərin təbiət sevgisinin ön plana çəkildiyini və bununla əlaqədar müəllifin öz publisist düşüncələrini oxucularla bölüşdüyünü qeyd edib. 

Çexiya Respublikasının Azərbay­candakı səfiri Milan Sedlaçekinin təbri­ki də tədbir iştirakçıları tərəfindən ma­raqla qarşılanıb. 

Ədliyyə Nazirliyi Cənub Regional İdarəsinin rəisi Taleh Quliyev, Osaküçə kənd sakini, şəhid atası Sübhi Hümmə­tov, Qızılağac Milli Parkının direktoru Aqil Sucayev, iş adamı Şaiq Həsənov və digər natiqlər ümummilli lider Heydər Əli­yevin təbii sərvətlərimizin mühafizəsinə xüsusi önəm verdiyini, dahi şəxsiyyətin rəhbərliyi ilə qəbul edilmiş ekoloji sənəd­lərin təbiətimizin qorunmasına yönəldiyi­ni bildiriblər. Təbiətə qarşı hər hansı bir qəsdin ulu öndəri çox hiddətləndirdiyini qeyd ediblər: “Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qur­malıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir”. 

Ulu öndərin bu ibrətamiz fikirləri təd­birdə leytmotiv kimi səslənib. 

Xudaverdi CAVADOV,
şair-publisist



Sosial həyat