Şəmkirin Dağ Cəyir kəndi bu il bol taxıl gözləyir

post-img

Şəmkirdə kənd təsərrüfatının elə bir sahəsi yoxdur ki, yerli əhali onunla məşğul olmasın. Əsasən istixanaları ilə məşhur olan Şəmkirdə tərəvəzçilik də, taxılçılıq da, heyvandarlıq da eyni dərəcədə inkişaf edir. 

Amma  qarşıya qoyulan strateji məqsədə çatmaq üçün torpaqlardan səmərəli şəkildə istifadə edilməsi əsas vəzifə kimi qarşıya qoyulub. 

Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Cari ildə rayonda 15 min 775 hektar taxıl əkilib ki, bu da ötən ildəkindən 1400 hektar çoxdur. Onun 9 min 121 hektarı suvarılan, 6 min 654 hektarı isə dəmyə əraziləridir. 

Rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev təsərrüfatlara tez-tez baş çəkir, adamlarla görüşür, problemləri, çətinlikləri ilə maraqlanır, lazım gəldikdə öz kömək əlini uzadır. Dağ Cəyir kəndinə, dəmyə şəraitində əkilən taxıl sahələrinə də bu məqsədlə gəlib.  Məlumat veriblər   ki, bu il Dağ cəyir kəndində 850 hektar ərazidə taxıl əkilib və onun da  180 hektarı arpa, 670 hektarı isə buğdadır. 

Fermer Akif Hüseynov deyib ki, artıq zəngin təcrübə toplayıblar və ötən illə müqayisədə bu il daha yüksək məhsuldarlıq gözləyirlər. 

İcra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Taxılçılığın inkişafı da daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Rayonumuzda son illərdə ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir və bundan sonra da davam etdiriləcəkdir.

Hamlet QASIMOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri,                                                        
Şəmkir





Sosial həyat