Qəbələ Günərzi Mərkəzində uşaqlara qayğı və diqqət göstərilir

post-img

"Kənd Qadınlarına Qayğı" İctimai Birliyi uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə tədbir keçirib. 

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında baş tutub. İcra planına əsasən, növbəti tədbir günərzi mərkəzi xidmətinin göstərilməsi istiqaməti üzrə Qəbələ rayonunda baş tutub.

Rayonda fəaliyyət göstərən Günərzi Mərkəzinin yerləşdiyi ünvanda “Uşaq hüquqları uşaqların dili ilə” adlı tədbir maraqla qarşılanıb. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində Qəbələ rayonunda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri, Qəbələ Rayon  İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşı və Sosial Xidmətlər Agentliyinin Regional filalının əməkdaşı, Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin rəhbərliyi və sağlamlıq imkanları məhdud uşaqların valideynləri  iştirak ediblər. 

"Kənd Qadınlarına Qayğı" İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Habil Niftalı “Xalq qəzeti”nə açıqlamasında bildirdi ki, tədbirdə iştirakçılara uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib.

Mərasimdə "Uşaq hüquqları uşaqların dili ilə” tamaşası nümayiş etdirilib. Daha sonra mahnılar ifa edilib, şeirlər oxunub və rəqs nümunələri göstərilib.

Habil Niftalı bildirdi ki, günərzi mərkəzlərində şəhid və aztəminatlı ailələrin, müharibə iştirakçılarının uşaqlarının qayğısına qalınır, onlara müxtəlif xidmətlər göstərilir. Mərkəzlərdə ixtisaslı pedaqoq, psixoloq, tərbiyəçi və dayələr çalışırlar.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"





Sosial həyat