Şəki qocalarının Ərdoğan sevgisi

post-img

Redaksiyamıza hər gün paytaxtdan və bölgələrdən müxtəlif mövzulu məktublar gəlir. Kimisi ölkədəki abadlıq-quruculuqla bağlı, kimisi də cəmiyyətdə gedən siyasi proseslərlə bağlı fikir bildirir. Bugünlərdə maraqlı bir məktub aldıq. Şəki şəhərindən təqaüdçü Əlihüseyn İsayev yazır: 

“Hörmətli redaksiya, biz Şəki şəhə­rində yaşayan təqaüdçülər hər gün Bəx­tiyar Vahabzadə adına parkın nəzdində olan çayxanada istirahət edir, dünyada gedən prosesləri öz aramızda təhlil və müzakirə edirik. Həmin müzakirələrdə biz Türkiyədə mayın 14-də 28-də keçi­rilən prezident seçkilərindən də danışır­dıq. Yoldaşlarımızdan biri–Nüfvəli bəy seçkiləri müzakirə zamanı bildirdi ki, əgər türk xalqı Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçərsə, mən türk bəyləri qoyan qırmızı papağı başıma qoyub ehtiramımı bildirəcəyəm. Qoy Rəcəb Tayyib Ərdoğan bilsin ki, onun alicənablığını, vətənpərvərliyini, Tür­kiyənin gələcəyi naminə necə çalışma­sını Şəkidə də sevir və dəstəkləyirlər”. 

Əlihüseyn İsayev Nütvəli bəyin qır­mızı bəy papağı ilə çəkdirdiyi şəkli də göndərib və məktubunda xahiş edib ki, bu məlumatı və şəkli “Xalq qəzeti”ndə “Şəkili balası Nütvəli bəy” başlığı ilə dərc edək və qəzetin həmin nömrəsini yaşadığı – Şəki şəhəri, Ə.Məmmədov küçəsi, ev 39 ünvanına göndərək. 

Əlihüseyn bəyə və onun təqaüdçü yoldaşlarına ömrün ahıl çağında cə­miyyətdəki siyasi proseslərə laqeyd olmadıqlarına, Azərbaycanın qardaşı və dostu Türkiyədə gedən seçkilərə maraq göstərdiklərinə görə təşəkkür edirik. Onlara bildiririk ki, yalnız siz yox, Azərbaycan xalqının bütün vətənpərvər övladları Vətən müharibəsində siyasi, maddi, mənəvi dəstəyini ölkəmizdən əsirgəməyən, hər an yanımızda olan Türkiyənin daha da inkişafı naminə Rə­cəb Tayyib Ərdoğanın seçilməsini arzu edir və buna inanırdıq. Belə olmasaydı, Ərdoğanın seçildiyi gün paytaxt və böl­gələrdə, hətta ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən çox saylı qur­banlar kəsilməz, insanlar sevincindən küçələrdə izdiham yaratmazdılar. 

Sevincinizə şərikik, Şəki təqaüd­çüləri! 

Təqdim etdi:
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat