Özünün toyuna hazırlaşırdılar, qardaşının toyu oldu…

post-img

         Elçin nişanlı idi və toyuna lap az qalırdı…Evdəkilər, qohum-əqraba, qonum - qonşu, dostlar, müddətdən artıq xidmətdə olduğu yoldaşları həmin günü səbirsizliklə gözləyirdilər. Lakin Elçin nədənsə son günlər tələsmirdi. Hətta sonuncu dəfə evdə söhbət düşəndə “nədənsə ən böyük arzum qardaşım Elvinin toyunda iştirak etməkdir, mənə görə tələsməyin, cəbhədə vəziyyət gərginləşib, toy vaxtı deyil” demişdi...

        Acı xəbər ildırım sürətilə Ağstafaya, doğulduğu Həsənsu kəndinə yayıldı: “Elçin Arif oğlu Mustafazadə 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub”.

          …Indi budur, rayondakı şadlıq saraylarının birində toy şənliyidir. Şəhidin qardaşı Elvinin toyudur. Ağstafa RİH başçısı Seymur Orucov, rayonun digər məsul şəxsləri də buradadırlar, yeni ailə quranlara xeyir-dua verirlər. Hamı burdadır, bircə Elçin yoxdur, o, Şəhidlik zirvəsindən bu toya baxır. Yəqin ki, ruhu sakitdir, çünki arzusu həyata keçib, qardaşı ailə qurur…

          Şənlik başlamazdan əvvəl Dövlət Himnimiz səsləndirilir, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad  olunur. 

          Elvin bəyə və onun xanımına ən xoş arzular deyilir. Deyilir ki, ən uca qürur mənbəyimiz olan şəhidlərimizin hər bir ailə üzvü xalqımız üçün böyük əmanətdir və dövlətimiz onları hər zaman yüksək qayğı ilə əhatə edir. 

          Şəhidin atası Arif Mustafayev həm çətin, həm də xoş günlərində şəhid ailələrinin, qazilərimizin yanında olduqlarına, onlara göstərdikləri yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir.

        Qeyd edək ki, Tovuz döyüşlərində qəhrəmancasına şəhadətə ucalan 

Elçin Mustafazadə doğulduğu Ağstafa rayonunun Həsənsu qəsəbəsində dəfn olunub. O, ölkə prezidentinin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

        Şəhidimizə rəhmət, yeni ailə quranlara xoşbəxtlik arzulayırıq. Həyat öz axarı ilə davam edir və bu həyatda heç nə, heç kəs yaddan çıxmır, unudulmur... 

 

                          Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri,
Ağstafa rayonu.

 







Sosial həyat