Gəncədə İtaliya traktorları yığılacaq

post-img

          Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin rəhbərliyi təkcə Avropada deyil, həm də dünyanın kənd təsərrüfatı bazarında öz keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlıq xüsusiyyətləri ilə seçilən traktorlarların istehsalçısı olan İtaliyanın “SDF groupu”nda rəsmi səfərdə olub.

           Müəssisənin mətbuat xidmətindən verilən məlumata görə, birliyin müşahidə şurasının sədri Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Treviglio şəhərində “SDF qroup»un istehsal etdiyi texnikalara baxıb, onların keyfiyyəti və yığım şəraiti ilə yaxından tanış olub. 

          Şirkət rəhbərliyi ilə keçirilən ikitərəfli görüş zamanı uzun müddətli strateji əməkdaşlıq şərtləri müzakirə edilib. Söhbət zamanı qeyd olunub ki, “SDF qroup”un istehsal etdiyi kənd təsərrüfatı texnikalarına Azərbaycanda olan marağı nəzərə alaraq bir müddət əvvəl Gəncədə ilkin əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə görə, Gəncə müəssisəsi bir sıra modellərin yığımını həyata keçirə bilər.

İtaliyada, şirkətin ofisində bağlanan bu dəfəki uzunmüddətli strateji əməkdaşlıq müqaviləsini  Gəncə avtomobil zavodu İB-nin müşahidə şürasının sədri Xanlar Fətiyev və “SDF qroup”un kommersiya direktoru Alessandro Maritano imzalayıblar. Müqavilə Gəncə Avtomobil Zavoduna burada yığılan texnikaların Azərbaycan bazarı ilə yanaşı üçüncü ölkələrə  satmaq hüququ da verəcək.

Xanlar Fətiyev demişdir ki, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi avtomobillərin və kənd təsərrüfatı texnikalarının yığımı sahəsində yetərincə ixtisaslaşmış bir müəssisədir. Zavodun həm texniki şəraiti, həm də kadr potensialı istənilən modelin yığımını həyata keçirməyə imkan verir. İtalyan şirkətinin müxtəlif modifikasiyalarda olan traktorları da hesab edirəm ki, müəssisəmizdə çox yüksək səviyyədə yığılacaq və Azərbaycan bazarında böyük marağa səbəb olacaq. Hələlik ilkin mərhələdə 3 modelin yığılması nəzərdə tutulur. Lakin gələcəkdə bazarın tələbinə uyğun olaraq digər müxtəlif model traktorların da yığılması nəzərdə tutulur. 

Məlumat üçün bildirək ki, 2004-cü ildən fəaliyyətə başlayan Gəncə Avtomobil Zavodu indiyədək 15 minə yaxın müxtəlif modeldə və modifikasiyada traktor, 5 mindən çox müxtəlif markalı və modelli yük avtomobilləri yığıb, satışını həyata keçirib.

        Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri















Sosial həyat