DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Böyük Britaniyanın nüfuzlu Texnologiya Təchizat Şəbəkəsinin keçirdiyi İnnovasiya Mükafatları– 2023 beynəlxalq müsabiqənin finalçısı olub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız xəbərdə bildirilir.
Xəbərdə qeyd edilir ki, builki müsabiqə 3 kateqoriya (innovatorlar, innovasiya çempionları, yenilikçi liderlər) üzrə, ümumilikdə, 13 nominasiya üzrə təşkil olunub. Bunlar– İlin istehsalat, mühəndislik, davamlılıq, texnologiya, yenilikçi, icma, yeni innovatorlar və s. nominasiyalardır. DOST RİM Texnologiya Təchizat Şəbəkəsinin saytında (https://tiawards.co.uk/) ictimaiyyətə açıq olan səsvermə prosesində kifayət qədər səs toplayaraq müsabiqənin “İnnovatorlar” kateqoriyasında “İlin texnoloji innovatoru” nominasiyası üzrə finalçılar siyahısında yer alıb.
Həmin nominasiya son bir ildə innovativ yeni məhsullar, xidmətlər və ya prosesləri inkişaf etdirmiş şirkət və təşkilatlar üçün nəzərdə tutulub. Müsabiqənin təşkilatçısı olan Texnologiya Təchizat Şəbəkəsinin üzvləri sırasına Aston, Birmingem, Koventri, Vorvik və Volverhampton universitetləri, eləcə də İstehsalat Texnologiya Mərkəzi, Make UK və TechNation daxildir.
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

