28 May – milli istiqlalın qürur günü

post-img

Bu gün eyni vaxtda iki yubileyi bayram edən hər bir azərbaycanlı şanlı tarixi və bu tarixdə silinməz izlər buraxmış şəxsiyyəti ilə qürur duyur. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 105 illiyi ilə üst-üstə düşən dahi siyasətçi və qüdrətli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı təntənəli mərasimlər ölkə daxilində olduğu kimi, onun sərhədlərindən uzaqlarda böyük coşqu ilə davam edir. 

Tolerantlıq dəyərlərinin qoruyucusu

Moskva Dövlət Avtomobil Yolları Texniki Universitetində (MDAYTU) görkəmli dövlət xadimi Heydər Əliye­vin anadan olmasının 100 illiyi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçi­rilib. 

Diasporla İş üzrə Dövlət Komitə­sindən verilən məlumata görə, “Mos­kva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı­nın və MDAYTU ilə birgə keçirdiyi təd­bir “Heydər Əliyev İli” və Rusiyadakı “Müəllim, ustad ili” çərçivəsində ger­çəkləşdirilib. MDAYTU-nun hazırlıq fakültəsinin dekanı Andrey Novikovun moderatorluğu ilə keçən tədbiri uni­versitetin prorektoru İqor Artemiyev açıb. O, “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ic­timai təşkilatının sədri Bəxtiyar Həsə­novun konfrans və müsabiqə keçirmək təşəbbüsünü dəstəklədiyini bildirib. Sonra Moskvanın Milli Siyasət və Re­gionlararası Əlaqələr Departamenti­nin rəhbəri Vitali Suçkovun konfrans iştirakçılarına müraciəti oxunub. Kon­fransda MDB ölkələri üzrə Avtomobil Yolları İşçiləri Hökumətlərarası Şurası­nın katibliyinin rəhbəri, professor Buri Karimov, professor Kamran Rüstəmov, jurnalist Kseniya Karaulova, professor İbrahim Məlikov, MDAYTU-nun rus dili kafedrasının dosenti Larisa Denisova və Beynəlxalq Avtomobil Yolları Təh­sili Assosiasiyasının vitse-prezidenti Valentin Silyanov çıxış ediblər. Onlar Azərbaycanın və SSRİ-nin yollarının ti­kintisində misilsiz xidmətlər göstərmiş, yüksək peşəkar və insani keyfiyyətlərə malik Heydər Əliyevin çoxmillətli Azər­baycanda unikal multikulturalizm və tolerantlıq dəyərlərini inkişaf etdirdiyini bildiriblər. Vaxtilə Azərbaycanın Min­gəçevir şəhərində yaşamış, Bakıda M.F.Axundov adına Rus dili və ədəbiy­yatı İnstitutunu bitirmiş Larisa Deniso­vanın xalq şairi Səməd Vurğunun məş­hur “Azərbaycan” şeirini Azərbaycan dilində səsləndirməsi tədbiri daha da rövnəqləndirib. 

Musiqi ilə müşayiət olunan yubileylər

Estoniyanın paytaxtı Tallin şəhə­rində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbay­canın Müstəqillik Gününün 105-ci ildö­nümü münasibəti ilə konsert proqramı düzənlənib.

Yubiley mərasimi “Aydan” Estoni­ya–Azərbaycan Mədəniyyət Mərkə­zinin təşkilatçılığı ilə baş tutub. Təd­birdə bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı, Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin di­rijorluq fakültəsinin məzunu Abuzər Manafzadə və onun həyat yoldaşı, vokalist Karen Danger-Manafzadə, eləcə də vokalist Leyla Rəhimova, Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin tam orta məktəbinin mə­zunu, respublika və beynəlxalq müsa­biqələr laureatı Şirin Əmiraslanova, sopranoçu Dərya Hüseynova və Tat­yana Qasımova çıxış ediblər. Tədbir­də, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Leyla Həmzə­yeva, Estoniya parlamentinin üzvləri, diplomatik korpusların nümayəndələri, Tallin şəhər rəhbərliyi və media nü­mayəndələri iştirak ediblər.

Azərbaycan Türk dünyasına açılan qapıdır

Şimali Kipr Türk Cümhuriyyətin­də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş sərgi açılıb.

Yaxın Şərq Universiteti xəstəxa­nasının sərgi salonunda Kipr Müasir İncəsənət Muzeyinin təşkilatçılığı ilə azərbaycanlı 54 rəssamın əsərlərin­dən ibarət sərgi təşkil olunub. Muzeyin Azərbaycanın Müstəqillik Gününə həsr edilən sayca 444-cü sərgisi iyunun 2-dək ziyarətçilər üçün pulsuz olacaq. Sərginin açılış mərasimində ŞKTC-nin Prezidenti Ersin Tatar, Cümhuriyyət Məclisinin sədri Zorlu Törə, Azərbay­can – Kipr Dostluq Cəmiyyəti və KTC Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzinin sədri Orxan Həsənoğlu və Yaxın Şərq Universitetinin rektoru, professor Tamer Şanlıdağ çıxış edib­lər. “Türk dünyasından belə böyük kolleksiyanı bir yerə toplayan yeganə muzeyin Şimali Kipr Türk Cümhuriyyə­tində olması bizim üçün böyük şərəf­dir”, – deyən Prezident E.Tatar Azər­baycan Müstəqillik Gününə ərməğan edilmiş sərgidə iştirakdan məmnunlu­ğunu bildirib. O, Azərbaycan xalqının böyük oğlu ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdiyini dilə gətirib. Çıxışında Azərbaycanın Türk dünyası üçün əhəmiyyətini vurğulayan Cümhuriyyət Məclisinin sədri Zorlu Töre ölkəmizi digər Türkdilli dövlətlərə açılan qapı kimi dəyərləndirib.

 

Hazırladı: İmran BƏDİRXANLI, “Xalq qazeti”





Sosial həyat