Taksi xidmətində narahatlıqlar

post-img

Heç kimə sirr deyil ki, bu gün ölkənin taksi fəaliyyətində ciddi çatışmazlıqlar nəzərə çarpır. Bu, ən çox özünü xidmətin keyfiyyəti, daha konkret ifadə etsək, sərnişindaşımada yaşanan xaos, qanundankənar vəziyyətin hökm sürməsi, sərnişinlərlə sürücünün davranış münasibətləri, avtomobillərin texniki vəziyyəti, aşağı komfort səviyyəsi kimi məsələlərdə göstərir. Bütün bu nöqsanları isə, ilk növbədə, qanunvericiliyi təkmilləşdirməklə aradan qaldırmaq mümkündür.


Sözügedən sahənin problemlərinə toxunmazdan əvvəl məsələ ilə bağlı bəzi statistik göstəriciləri xatırlatmaq istərdik. Belə ki, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyatçılar tərəfindən 578,6 milyon sərnişinə xidmət göstərilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 504,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,2 faiz və 20 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,5 faizi avtobus, 4,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. 
Minik taksilərinin sərnişindaşımada payı az olsa da, nəqliyyatın bu növündən istifadəyə günün istənilən saatlarında ehtiyac yaranır. Evdən işə, işdən evə, eləcə də hər hansı bir tədbirə tələsənlər çıxış yolunu taksi sifariş verməkdə görürlər. Bu isə nəqliyyatın bu növünə tələbatı getdikcə artırır. 
Hazırda ölkənin taksi bazarında 100-dək yerli və 5 xarici şirkət fəaliyyət göstərir. Bununla belə, “çörəkpulunu” taksi fəaliyyəti göstərməklə qazanacaqlarına ümid edənlərin də bu sahəyə üz tutmaqlarının səbəbidir ki, hazırda ölkədə sərnişindaşıma ilə məşğul olan avtomobilləri sayı həddindən artıq çoxdur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin baş mütəxəssisi Rauf Səfərov bu yaxınlarda Azərbaycan Memarlıq və İnşaat Universitetində “Nəqliyyat və logistika kompleksinin inkişafı” mövzusunda keçirilən konfransda bildirib ki, hazırda Azərbaycanda taksi kimi, fəaliyyət göstərən, təxminən, 40 min taksi var ki, bunun da 28 mini paytaxtın payına düşür. Həmin taksilərin isə 90 faizi “onlayn” platformalar üzərindən fəaliyyət göstərir. 
Əslində, bazarda rəqabətin kəskin şəkildə artdığı, eləcə də qiymətlərin ucuz olduğu bir şəraitdə taksi fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi də sual altında qalır. Bunun nəticəsidir ki, son zamanlar şirkətlərlə sürücülər arasında müəyyən narazılıqlar müşahidə olunur. Məsələn, bir qədər əvvəl Bakıda taksi fəaliyyəti ilə məşğul olan “Bolt”un sürücüləri şirkətin ofisinin qarşısında etiraz aksiyası keçiriblər. Taksi sürücüləri hazırkı qiymətlərin digər ictimai nəqliyyat növləri, məsələn, avtobus və metro ilə, demək olar ki, eynilik təşkil etdiyini önə çəkərək onların qazanclarının “qəpik-quruş” olduğunu bildiriblər. 
Digər tərəfdən, Bakıda taksilərin sayının çox, bu sahəyə diqqətin az olması, sürücülərin 14-16 saat işləməsi qəzaların artmasına gətirib çıxarır. Eyni zamanda, avtomobillərin çoxluğu paytaxt küçələrində müşahidə olunan tıxacları da bir qədər də artırır. Bütövlükdə isə, son illər ölkədə taksi fəaliyyəti ilə bağlı yaranmış problemlər həm sürücüləri, həm də sərnişinləri narahat edir. Taksi sürücüləri aqreqatorlardan və ağır iş şəraitindən, sərnişinlər isə bəzi sürücülərin kobud və nəzakətsiz davranışından, nəzarətsiz və ehtiyacdan artıq taksilərin paytaxt küçələrində yaratdığı uzun tıxaclar, eyni zamanda, xaosdan şikayətlənirlər. 
Bu problemlərin əsas səbəbinin taksi fəaliyyətinin hüquqi tənzimlənməsinin və sözügedən sahəyə dövlət nəzarətininin lazımi səviyyədə olmaması ilə izah edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynli hesab edir ki, ölkədə taksi ilə sərnişindaşımada böyük bir xaos, eyni zamanda, qanundankənar vəziyyət mövcuddur. Onun fikrincə, taksi fəaliyyəti ilə məşğul olanların bir çoxunun sürücülük hazırlığının aşağı səviyyədə olması yollarda tıxacların yaranmasına gətirib çıxarır. 
Taksi fəaliyyətində müşahidə olunan xaosu aradan qaldırmaq üçün, ilk növbədə, qanunvericilikdə taksi aqreqatorlarının statusu, onların taksi sürücüləri ilə qarşılıqlı münasibətləri, öhdəlikləri dəqiq müəyyən olunmalı, sürücülərin hansı tələblərə cavab verməli olduğu, eyni zamanda, avtomobilin necə olması ilə bağlı məsələlər də öz həllini tapmalıdır. 
Bütövlükdə isə bu sahədə müxtəlif təkliflər səsləndirilsə də, çıxış yolları göstərilsə də, problemin həlli, sözün əsl mənasında, müşkülə çevrilib. Belə olduğu təqdirdə ümid yalnız və yalnız qanunvericiliyə ediləcək dəyişikliklərə və bu sahədə müəyyən yeniliklərə qalır. 
Gözləntilər isə, deyəsən, özünü tədricən doğrultmaqdadır. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən taksi fəaliyyəti ilə bağlı müəyyən təkliflər işlənib hazırlanıb. Həmin təkliflər isə taksi fəaliyyətinin müvafiq icazə əsasında həyata keçirilməsi, sərnişindaşıma sahəsində sahibkarlıq mühitinin yaxşılaşdırılması və s. məsələləri əhatə edir. 
Yeri gəlmişkən, mayın 17-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Nazirliyin bununla bağlı yaydığı məlumata əsasən, görüşdə ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Ötən müddətdə səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb. Əsas məqsəd isə vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi və ekoloji tələblərə riayət olunmasıdır. Həmçinin haqsız rəqabət və inhisarçılığın, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasıdır.
Nazirliyin məlumatına görə, hazırda ölkə ərazisində minik avtomobilləri ilə taksi xidməti göstərən, eyni zamanda, taksi xidmətlərinin təşkilini, sifarişlərin idarə olunmasını həyata keçirən əcnəbi şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir ki, bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. 
Xatırladaq ki, sözügedən qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.

Eldəniz CƏFƏROV,
avtomobil nəqliyyatı üzrə ekspert

Azərbaycanda taksi xidməti sırf bazar iqtisadiyyatı əsasında formalaşıb. Hazırda bu sahədə özünün qarajı, avtomobilləri və peşəkar sürücü heyətinə malik şirkətlər fəaliyyət göstərir. Bununla yanaşı, vətəndaşlar da fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olurlar. 
Son illər bu sahədə müəyyən çatışmazlıqlar özünü qabarıq şəkildə büruzə verir. Taksi xidmətindən istifadə edən sərnişinlər keyfiyyətin çox aşağı olmasından şikayətlənirlər. Eyni zamanda, onların təhlükəsizliklə bağlı müəyyən problemi var. Yəni sərnişin taksi xidmətindən istifadə edərkən mənzil başına sağ-salamat çatmasından əmin deyil. Həmçinin taksi fəaliyyətində istifadə olunan avtomobillərin texniki göstəriciləri müasir tələblərə cavab vermir.
Bununla yanaşı, taksi sürücülərinin də narazı qaldıqları məqamlar var. Onların şikayətləri isə, əsasən, taksi şirkətlərinin sürücüləri istismar edərək sutkanın 12-14 saat işləməyə məcbur etməsi ilə bağlıdır. Digər narazılıq ondan ibarətdir ki, qeyri-nağd ödənişlərinin hesaba köçürülməsindən sonra taksi sürücüləri onlara çatacaq həmin məbləği nağdlaşdırmaqda çətinliklər yaşayırlar. Bu gün taksi fəaliyyəti sahəsində olan problemlər, əsasən, bunlardır. Amma, düşünürəm ki, bu problemlərin həlli o qədər də çətin deyil. Çünki Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qanunvericilik mövcuddur. Eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanun da var. Taksi sürücülərinin də bir işçi kimi fəaliyyətini tənzimləyən, hüquqlarını qoruyan Əmək Məcəlləsi də mövcuddur.
Hazırda ölkədə taksi fəaliyyətini tənzimləyən iki qurum var. Onlardan biri paytaxtda taksi fəaliyyətinə nəzarət edən Bakı Nəqliyyat Agentliyi, digəri isə regionlarda bu işi həyata keçirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir. Göründüyü kimi, bu sahədə qanunvericilik bazası lazımi səviyyədədir. Hətta Nazirlər Kabinetinin də taksi fəaliyyəti ilə bağlı 2019-cu ildə qəbul etdiyi qərar-reqlamenti də mövcuddur. Burada taksi fəaliyyəti ilə məşğul olan sürücülərə və taksi fəaliyyətində istifadə olunan avtomobillərə müəyyən tələblər qoyulub. Bütün bu tələblərə, qanunvericiliyə və nizamlayıcı qurumların mövcudluğuna baxmayaraq, taksi operator şirkətləri Azərbaycan qanunlarına hörmət etmir, Nazirlər Kabinetinin reqlamentini saymırlar.
Bu problemlərin həlli üçün resurslar isə kifayət qədərdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qaydaları pozan, Azərbaycan qanunlarına hörmət etməyən taksi operatorlarına qarşı müəyyən sanksiyalar tətbiq edə bilər. Amma sanksiyalardan əvvəl müəyyən sadə qaydalara əməl olunmasına nəzarət etməli qurumlarımız da bir qədər fəallıq göstərməlidirlər.  Belə ki, hər bir qurum öhdəsinə düşən nəzarət mexanizmlərini gücləndirməli, Nazirlər Kabinetinin qaydalarına riayət olunmasını həm operator şirkətlərdən, həm də sürücülərdən tələb etməlidir. Burada isə, sadəcə, istək və məsuliyyət olmalıdır.


Mirbağır YAQUBZADƏ,  
“Xalq qəzeti”



Sosial həyat