2023-cü ilin “Heydər Əliyev İli” ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən silsilə tədbirlər davam etdirilir.
Bu günlərdə “Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda bölmənin təşkil etdiyi dəyirmi masanı giriş sözü ilə açan AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Heydər Əliyevin həyat və fəaliyyətinin istənilən sahədə çalışan hər bir vətəndaş üçün örnək olduğunu, eləcə də Ulu Öndərin dövlətçiliyimizin, iqtisadiyyatımızın və ölkə həyatının digər vacib sahələrinin formalaşdırılması, azərbaycançılıq strategiyasının əsaslarının yaradılması istiqamətindəki əzmkar fəaliyyətinin, o cümlədən onun Gəncənin inkişafı naminə gördüyü işlərin neçə-neçə elmi tədqiqatlar üçün tükənməz qaynaq olduğunu qeyd edib. Akademik F.Əliyev AMEA Gəncə Bölməsi tərəfindən ərsəyə gətirilən “Heydər Əliyev və Gəncə” monoqrafiyasını təqdim edib və vurğulayıb ki, respublikamızın ikinci şəhərinin başlıca elm ocağının- AMEA Gəncə Bölməsinin əməkdaşlarının Ulu Öndərin yubileyinə daha bir ərməğan kimi hazırladıqları, “Elm” nəşriyyatında zövqlü tərtibatda nəşr olunan bu kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə onun Gəncəyə səfərləri barədə müfəssəl məlumat, bu səfərlər zamanı Ümummilli Liderin çıxışlarının və dialoqlarının tam mətnləri ilə yanaşı Gəncədən olan elm, təhsil, səhiyyə və mədəniyyət xadimlərinin Ulu Öndərlə bağlı xatirələri də yer alıb. Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin yüksək ictimai əhəmiyyətini vurğulayaraq, alim və ziyalılarımızın bu yöndəki fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib. AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri Həsənbala Sadıqov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, güləş üzrə Dünya, Avropa və Olimpiya çempionları yetişdirmiş “Şöhrət” ordenli Əməkdar məşqçi Elçin Zeynalov və başqaları çıxış edərək ulu öndərin dövlətçiliyimizin xilası və ölkənin varlığının sabit dinamikasının təmin olunmasında müstəsna tarixi xidmətlərindən danışıblar, eləcə də onun Azərbaycanın ümumi inkişaf strategiyasında daim Gəncənin roluna xüsusi diqqət ayırdığını, ənənələrlə yenilikçiliyin vəhdətinin təcəssümü olan bu şəhərin məhz Heydər Əliyevin diqqət və himayəsilə böyük nailiyyətlərə qovuşduğunu qeyd ediblər.
Çıxış edənlər həmçinin AMEA Gəncə Bölməsi tərəfindən ərsəyə gətirilmiş “Heydər Əliyev və Gəncə” monoqrafiyasının nəşrini də tarixi bir hadisə kimi dəyərləndirərək, kitabın istər elmi-kütləvi, istərsə də tədqiqat xarakterli mötəbər mənbə olduğunu qeyd ediblər.
Tədbir iştirakçılarına “Heydər Əliyev və Gəncə” monoqrafiyası və AMEA Gəncə Bölməsi tərəfindən həmin mövzuda hazırlanan sənədli filmin diski hədiyyə olunub.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri