Sakinlərin müraciətləri dinlənilib və nəzarətə götürülüb

post-img

 Şirvan Şəhər Mədəniyyət Mərkəzində icra hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərlə növbəti səyyar görüş keçirib. Tədbirdə Şirvan Şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər icra hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən İlqar Abbasov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu,  ümummilli lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu diqqətə çatdırıb. Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdən danışan şəhər rəhbəri, keçirilən hər tədbirin ulu öndərin siyasi fəaliyyətinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıb.

Diqqətə çatdırılıb ki, şəhər ərazisində park və xiyabanlar əsaslı təmir edilib, yeni nümunəvi məhəllələr salınıb, şəhərin su-kanalizasiya sistemi müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulub, şəhərin 147 ünvanında, o cümlədən 118 küçədə, 9 park və xiyabanda, 10 məhəllədə, 5 meydan və dairədə işıqlandırma işləri başa çatdırılıb. “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev meydanındakı fəvvarənin və Heydər Əliyev parkında fəvvarə və şəlalənin əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verildiyi vurğulanıb.

Səyyar görüşdə sakinlərin müraciətlərinə və onları narahat edən müxtəlif məsələlərə şəhər icra hakimiyyətinin başçısı tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilərək həlli nəzarətə götürülüb. 

Sakinlər ölkəmizdə, o cümlədən şəhər ərazisində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

Sosial həyat