Moskvadakı Seçenov adına Tibb Universitetinin alimləri bir sıra canlılarda görmə qabiliyyətini bərpa etmək üçün gözün süni buynuz qişasını hazırlayıblar. Bu barədə universitetin mətbuat xidməti məlumat verib.
Xəbərdə qeyd olunur ki, bu unikal texnologiyadan baytarlıqda göz zədələri olan heyvanların müalicəsində istifadə olunacaq. Universitetin Biotibbi Elm və Texnologiyalar Parkının regenerativ baytarlıq laboratoriyasında yaxın aylarda sınaq testləri həyata keçiriləcək. Alimlər ilk təcrübəni dovşanlar üzərində aparacaqlar. Onlar süni buynuz qişanın biouyğunluğunu yoxlamaq və əməliyyatdan sonra transplantasiyanın nəticələrini qiymətləndirmək istəyirlər. Sonra itlər, pişiklər və digər heyvanlar üzərində araşdırmalar aparılacaq.
Mətbuat xidmətindən bildirilib ki, heyvanlar üzərində sınaqlar başa çatdıqdan sonra bu texnologiya insanlara da tətbiq olunacaq.
Fidan SALMANOVA, “Xalq qəzeti”