İsveçli səyyahlar: gözəl Qarabağı viran qoymaq bəşəri cinayətdir

post-img

Xəbər verdiyimiz kimi, İsveçin "Klub 100" təşkilatının Füzuli–Xocavənd–Ağdam–Tərtər–Kəlbəcər–Laçın–Zəngilan–(Xudafərin) xətti üzrə hərəkət edən səyahətçiləri ölkə mediasına açıqlamalarında şəhər və kəndlərimizdə törədilən vandalizm aktından dəhşətə gəldiklərini bildiriblər. Onların sözlərinə görə, özünü insan sayanın bu qədər qəddarlıqla bütöv bir bölgəni xarabazara çevirməsinə inanmaq çətindir. Bu yerdə insanlıq ləyaqətini itirib. Dağıntıların miqyası və mənzərəsi tükürpədicidir. 

Səfər zamanı xarici qonaqlara er­məni cinayətkarlarının torpaqlarımızda törətdikləri ekoloji terror barədə də ge­niş məlumat verilib. Yaşı 300 ildən çox olan palıd, çinar ağaclarının, hektarlarla qoz ağaclarının, digər yaşıllıqların məhv edilməsi halları ciddi qınağa hədəf olub. Üç gün ərzində işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa-quru­culuq işləri xarici səyyahlarda xüsusi məmnunluq doğurub. Onlar quruculuq işlərinin geniş miqyasına heyran olduq­larını bildiriblər. 

İsveç səyyahlar qrupunun üzvü Te­reza Sundberq Laçına səfəri zamanı bərpa-quruculuq işlərinin geniş miqyas­da aparılmasının onlarda xoş təəssürat yaratdığını deyib. Minatəmizləmə pro­sesini izləyən səyyah partlayış səsinin çox qorxulu və dəhşətli olduğunu deyib. O, mina terrorunun bəşəri cinayət oldu­ğunu söyləyib. 

Qrupun digər üzvü Sofia Granström qədim Xudafərin körpüsünün onda bö­yük maraq yaratdığını deyib. Bundan əv­vəl müharibədən zərər çəkən ərazilərdə olmadığını bildirən xanım erməni van­dallarının törətdiyi dağıntının acı mən­zərəsinin həmişəlik yadında qalacağını vurğulayıb. 

Finlandiyalı Maks Kolstrum isə iş­ğaldan azad olan torpaqlarımızda bərpa və yenidənqurma işlərinin miqyası, bura yatırılan sərmayələrin sevindirici olduğu­nu bildirib. Mina təhlükəsi və minatəmiz­ləmə prosesi ilə bağlı sualı cavablandı­ran səyyah deyib ki, dinc insanları məhv edən minaların basdırılması və onun nəticələri dəhşətdir. İnana bilmirsən ki, bunu qonşu ölkə edə bilər. Dağıntıların miqyası insanı dəhşətə gətirir. Bu vəhşi­lik və quldurluqdur. 

Daha bir səyyah Bengt Hildebrand isə səyahət zamanı xeyli məlumat top­ladıqlarını deyib. Zəngilan səfəri zamanı təbiət mənzərələrinin onu valeh etdiyini bildirən qonaq onu da qeyd edib ki, bura­nın dağları, xüsusilə Ömər aşırımı İsve­çin şimalında yerləşən dağları xatırladır. Belə gözəl yerlərdə müharibə törətmək, dinc insanları öz yurdundan qovmaq, öldürmək bəşəri cinayətdir. Qafqazın çiçəkli dağlarını qanla suvaranlar mütləq tapılıb cəzalandırılmalıdırlar. 

Xatırladaq ki, təşkilatın 30 nəfərdən çox üzvünün Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına – Qarabağ və Şərqi Zəngəzura səfəri 3 gün davam edib. 

Leyla AZAD, “Xalq qəzeti”

Sosial həyat