Türk dünyasının ürəyi Şuşada döyünürdü

post-img

Bu günlər Qafqazın incisi, mədəniyyət beşiyi gözəl Şuşa qardaş türk xalqlarını bir araya gətirib möhtəşəm bayram ovqatına köklədi. Dünyanın diqqətinin cəmləşdiyi Azərbaycanın bu dilbər guşəsində keçirilən mötəbər “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında zəngin irsə, dəyərlərə malik türkdilli xalqların öz mədəniyyət və incəsənətini təqdim etmələri olduqca qürurverici haldir. Qarabağın ürəyi olan doğma Şuşanın qoynunda bir-birindən möhtəşəm tədbirlərə şahidlik etdikcə, bu anı on illər boyu çox böyük ümidlə gözləyən hər bir azərbaycanlının qəlbi dağa dönür. 

Onlardan biri Şuşada doğulub – böyümüş soydaşımız – “Şuşa” qəze­tinin redaktou Vasif Quliyev doğma şəhərdən yenicə qayıdıb. Həmkarı­mız “Xarıbülbül” festivalı ilə bağlı təəssüratlarını “Xalq qəzeti” ilə bö­lüşərkən özünü kövrəlməkdən saxla­ya bilmədi: 

– Şuşada “Xarıbülbül” festivalında dünya azərbaycanlılarının, ümumən, türk xalqlarının nümayəndələrinin ürə­yinin döyüntüsünü hiss edirdik. Bizi çuğlayan Vətən duyğularını sözlə ifadə etmək mümkün deyil. Onun üçün gərək əsl azərbaycanlı olasan... Uzun illər qəddar düşmənin tapdağı altında kök­sünə çalın-çarpaz dağ çəkilən Şuşanın həsrətini, nisgilini sümüyünə, iliyinə qə­dər hiss edəsən.

Qədim Qarabağ diyarı barədə çoxsaylı kitabların, çoxcildli ensiklo­pediyanın müəllifi Vasif Quliyev de­yir ki, bu günlər Şuşada gedən misil­siz quruculuq işləri ilə tanış olarkən qəribə hisslər keçirib: 

– Doğma şəhərimdə sürətlə gedən quruculuq işlərini görəndə çox qəribə hisslər keçirdim. Şuşanın başının mü­sibətlər çəkməsi qəlbimi ağrıtsa da, şəhərdə aparılan bərpa-quruculuq işləri yaralarıma məlhəm olur. Erməni barbar­ları ötən illər ərzində vəhşiliklə dağıtdıq­ları, yer üzündən silməyə çalışdıqları Şuşanın məğrurluğuna, vüqarına xələl gətirə bilməyiblər. Bu gözəl şəhərdə bir dənə də olsun salamat tikili qalmayıb. Sanki, dırnaqları, dişləri ilə şəhəri di­dib-parçalayıblar, təbiətin də köksünə dağ çəkiblər. Bunu ancaq vəhşi düş­mən belə edə bilər. Heç kim öz yurdu­na, yuvasına, obasına belə divan tuta bilməz. Sanki, Şuşadan onun yurdsevər övladlarının acığını çıxıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə xalqa müraciətində səsləndirdiyi bu fikirləri, az qala, hər gün xatırlayıram: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik”. 

Bu gün əziz sakinlərini doyunca bağrına basan Şuşa elə sürətlə dirçəlir ki, düşmən baxdıqca dərdə düşür. Əmi­nik ki, bizi qarşıda çox böyük zəfərlər gözləyir. İnanırıq ki, gün gələcək belə nüfuzlu tədbirləri Zəngəzurda, Xankən­dində keçirəcəyik.

Vasif müəllim Şuşada olarkən bö­yüyüb boya-başa çatdığı məhəllələ­ri, küçələri, tarixi yerləri qarış-qarış gəzdiyini deyir. Təbiətindən heç za­man doymadığı Şuşanın hər ağacını, kolunu, hər daşını, kəsəyini, doğma torpağının hər qarışını əzizlədiyini, oxşadığını bildirir: 

– “Heç bilmirəm Şuşanın ayrılığı­na uzun illər necə tab gətirmişik. Bu gün hər birimiz gücümüz çatdığı qədər gözəl Qarabağımızın dirçəlməsinə səy göstərməliyik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi qələbə qazanaraq torpaq­larımızı düşmən işğalından azad edib. Xalqımızın qəhrəman övladları Azər­baycanın bütövlüyü uğrunda canların­dan keçiblər. Çalışmalıyıq ki, bu böyük Qələbəyə, Zəfərə hər birimiz layiq olaq. Əminik ki, Azərbaycan xalqını bundan da böyük qələbələr gözləyir! 

 

Leyla QURBANOVA,

“Xalq qəzeti”

Sosial həyat