Türkiyənin Nyu-Yorkdakı baş konsulluğunun evsahibliyi ilə Türk Evində Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş mərasim düzənlənib.
Yubiley gecəsi Azərbaycanın ABŞ-dakı səfirliyinin, Azərbaycan və Türkiyənin BMT yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı və Türkiyənin Nyu-Yorkdakı baş Konsulluğunun evsahibliyi ilə Türk Evində baş tutub. Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin BMT yanındakı daimi nümayəndəsi Sedat Önal, həmçinin Nyu-York şəhərində yerləşən diplomatik nümayəndəliklərin əməkdaşları, elmi-tədqiqat mərkəzlərinin nümayəndələri və iş adamları, Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.
Çıxışında ulu öndər Heydər Əliyevin bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdən biri olduğunu deyən səfir Xəzər İbrahim onu da bildirib ki, tarixin ən çətin dövrlərində müdrik zəkası, demokratik dövlət quruculuğu prinsiplərinə sadiq uzaqgörən siyasəti ilə Heydər Əliyev Azərbaycanı sağlam təməllər üzərində yenidən inşa edib: “O, ömrü boyu Azərbaycanın azadlığı, istiqlalı, müstəqilliyi üçün əzmlə, fədakarlıqla mübarizə aparıb”.
Gecədə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev müasir Azərbaycanın qurucusu kimi Heydər Əliyevin daxili və xarici siyasəti, uzaqgörənliyi nəticəsində ölkəmizin rifahının təmin edilməsi, Azərbaycanın regionda və dünyada nüfuzunun artmasında göstərdiyi müstəsna xidmətlərindən danışıb. Ulu öndərlə bağlı xatirələrini bölüşən Y.Əliyev onun ABŞ və BMT ilə əlaqələrinin qurulması və inkişafındakı rolundan, bu gün Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən də bəhs edib. Türkiyənin BMT yanındakı daimi nümayəndəsi Sedat Önal isə Heydər Əliyevin sadəcə Azərbaycanda deyil, türk dünyasında əvəzsiz imzasının olduğunu bildirib. O, uca zirvə hesab etdiyi ulu öndərin Türkiyə–Azərbaycan qardaşlığı yolunda möhtəşəm fəaliyyətindən danışıb.
Yubiley mərasimində Amerika - Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və Dünya Axıska Türkləri Birliyinin nümayəndəsi Şöhrət Temirov da çıxış ediblər. Tədbirin sonunda “Heydər Əliyev” adına təqaüd Pensilvaniya Universitetinin tələbəsi Meyson Kellerə təqdim edilib. Türk Evində ulu öndərin ABŞ-a rəsmi və işgüzar səfərlərinə aid foto-sərgi təşkil olunub. Gecədə Azərbaycan XİN tərəfindən hazırlanmış, Heydər Əliyevin xarici siyasət fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
“Xalq qəzeti”