Şəmkirdə 100 illik yubiley böyük təntənə  ilə keçdi

post-img

         Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Şəmkirdə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev, dövlət qurumlarının, ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli liderin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. 

         Daha sonra Heydər Əliyev Mərkəzində ulu öndərə həsr olunmuş sərgiyə baxış keçirilmişdir. 

         Tədbirin rəsmi hissəsisində Dövlət Himni səsləndirilmiş, Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

         Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, ümummilli liderin siyasi fəaliyyəti, Azərbaycan xalqı və dövlətçiliyi qarşısında tarixi xidmətləri barədə geniş məruzə ilə çıxış edərək demişdir ki, bu gün bütün Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd edir: “Heydər Əliyev böyük tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur. O, bütün ömrünü Azərbaycan xalqına həsr etmişdir. Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan mühüm amildir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir”.

         Ulu öndərin Şəmkirə səfərlərindən də danışan icra hakimiyyətinin başçısı bildirmişdir ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə ölkənin regionlarının inkişafına xüsusi qayğı göstərmişdir. Bu qayğının nəticəsi idi ki, Şəmkir rayonu da həmin dövrdə Azərbaycanın inkişaf etmiş bölgələrindən birinə çevrilmişdi. Məhz Şəmkir SES və Yenikənd SES-lərin tikilməsi və istifadəyə verilməsi Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi.

         Rəşad Tağıyev qeyd etmişdir ki, bu gün Azərbaycana hansı istiqamətdən baxsaq, inkişaf, tərəqqi var. Ölkəmizdə ordu quruculuğu sahəsində atılan addımlar nəticəsində İkinci Qarabağ müharibəsində tarix yazan Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu bir daha təsdiqlədi. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan Zəfərimiz tariximizin ən şanlı səhifəsidir.

         Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunmuşdur.

 

                    Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri,
Şəmkir

 









Sosial həyat