Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Məktəbində “Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin bəhrəsidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Məclisi giriş sözü ilə universitetin rektoru Elxan Hüseynov bildirdi ki, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin aparıcı xəttini azərbaycançılıq məfkurəsinin formalaşdırılması və Azərbaycan dövlətçiliyi konsepsiyasının gerçəkləşdirilməsi dayanır. Müstəqil dövlətin memarı və qurucusu Heydər Əliyev XX əsrin sonları XXI əsrin əvvəllərində müstəqil, sosial yönümlü dövlət siyasəti ilə Azərbaycanı bugünkü tərəqqi yoluna çıxarıb. Ulu öndərin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası isə bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Konfransda SDU-nun prorektoru Elmar Xəlilovun “Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində yeri mövzusunda məruzəsi dinlənilib. Kafedra müdirləri Məftun Heydərova, Arzu Baxşəliyev, elmi hissə müdiri Samir Orucov, tələbə Həsən Həsənov çıxışlarında bildiriblər ki, dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyev bütün istiqamətlərdə müstəqilliyin möhkəm və etibarlı təməllərini yaratdığı kimi, gələcəyin inkişaf konsepsiyalarını da işləyib hazırlayıb.
Qeyd edilib ki, ulu öndərin “Azərbaycan dünyaya Günəş kimi doğacaqdır” uzaqgörənliyi ölkəmizin bugünkü hərtərəfli inkişafı ilə gerçəkləşib. Bu gün qürurla yaşadığımız Qələbə sevincinin mənbəyində də ümummilli liderin siyasəti dayanır. Tarixi ədalətin bərpa edilməsi böyük Heydər Əliyevin dühasından qaynaqlanan ideya və əməllərin təntənəsidir.
“Xalq qəzeti”