Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda mühazirələr oxuyub.
Əvvəl özbək dili və ədəbiyyatı kafedrasında Nizami Cəfərovla görüş keçirilib.
Kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firuzə Burxanova universitet haqqında məlumat verib, qeyd edilib ki, bu ali təhsil ocağı 1937-ci ildən fəaliyyət göstərir. 1947-ci ildən isə universitet dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Azərbaycan və özbək xalqlarının böyük oğlu, özbək ədəbiyyatının klassikinə çevrilmiş Maqsud Şeyxzadə də ömrünün sonunadək bu universitetdə dərs deyib.
Sonra Firuzə Burxanova özbək dili və ədəbiyyatı kafedrasının tarixi, elmi fəaliyyəti haqqında məlumat verib, burada çalışan professor-müəllim heyəti və müasir dövrdə tələbələrin ədəbiyyata olan marağı haqqında söhbət açıb.
Nizami Cəfərov Azərbaycan və özbək xalqlarının dost və qardaş xalqlar olduğunu qeyd edib, Özbəkistan alimləri ilə əməkdaşlıq edən Azərbaycanın tanınmış ədəbiyyatşünasları haqqında danışıb. Ulu öndər Heydər Əliyevin yaratdığı əsaslar üzərində ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan akademik deyib ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana üç dəfə səfər edib ki, bu da əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir.
Sonra Nizami Cəfərov müəllimlərin müxtəlif səpkili suallarını cavablandırıb.
Görüşdən sonra N.Cəfərov tələbələr qarşısında Azərbaycan ədəbiyyatı ilə bağlı ilk mühazirəsini oxuyub.
Nizami Cəfərov qəzetimizin müxbiri ilə müsahibəsində deyib: “Mühazirələrimi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdim. Azərbaycan–Özbəkistan dostluq və qardaşlığına ulu öndərin tarixi töhfələrindən xüsusi söhbət açdım. Özbək tələbələrə Azərbaycan ədəbiyyatı tarixi haqqında ətraflı məlumat verdim, çalışdım ki, ədəbiyyatımızın tarixi barədə tələbələrdə ümumi təsəvvür yaradım. Dədə Qorquddan Koroğluya, 20-ci əsrin əvvəllərinə qədər olan mərhələdə ədəbiyyatımız nələr qazanıb, bu haqda da təbii ki, söhbət açdım.
Söhbətlərimi Azərbaycan xalqının tarixi, dilin tarixi, ədəbiyyatın tarixi üzərində qurdum. Mühazirələrdə Türk xalqlarının ədəbiyyat tarixi, ümumi Şərq ədəbiyyatının və ümumdünya ədəbiyyatından qaynaqlanan ortaq dəyərlərin tarixi, ədəbiyyatı haqqında da söhbət açdım. Azərbaycan ədəbiyyatının özbək ədəbiyyatı ilə müqayisəsi üzərində də dayandım. Təbii ki, söhbətlərimdə müasir Azərbaycan və özbək ədəbiyyatı üzərində də dayandım. Ümumiyyətlə, söhbətlərim maraqla dinlənildi, çoxsaylı suallara cavab verdim”.
N.Cəfərov eyni zamanda bildirib ki, belə səfərlərin müntəzəm olaraq keçirilməsinin tərəfdarıyam. Azərbaycan alimlərinin Özbəkistanın ali məktəblərində, özbək alimlərin isə Azərbaycan universitetlərində müxtəlif mövzularda mühazirələr oxuması ancaq ümumi işin xeyrinə olar.
Qulu KƏNGƏRLİ
Daşkənd