Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illiyi münasibətilə Kürdəmirdə yubilyarın iştirakı ilə təntənəli mərasim təşkil edib.
Bu barədə Yazıçılar Birliyindən qəzetimizə verilən məlumatda bildirilir ki, Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən toplantını giriş sözü ilə muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq yazıçının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Anarın Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına verdiyi sanballı töhfədən, yazıçıya ümumxalq sevgisindən söz açıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli yazıçı, esseist, kino xadimi kimi Anarın yaradıcılığında müasir sənətin üstün xüsusiyyətlərini birləşdirdiyini vurğulayıb. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Xalq yazıçısının əsərlərində dövrünün ən aktual problemlərini qaldırdığını bildirib.
AMEA Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, Xalq artisti Fəxrəddin Manafov, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva yazıçının ədəbiyyat, publisistika və kino sahəsindəki zəngin yaradıcılığından bəhs ediblər.
Mərasimdə yazıçının əsərləri əsasında çəkilmiş “Evləri köndələn yar” tamaşasından, “Təhminə və Zaur”, “Dədə Qorqud”, “Üzeyir ömrü” filmlərindən qısa epizodlar nümayiş etdirilib.
Sonda Xalq yazıçısı Anar çıxış edərək tədbirin təşkilatçılarına və çıxış edənlərə təşəkkürünü bildirib.
R.TAHİR, “Xalq qəzeti”


