Sosial xəbərlər

post-img

 Rumıniya DOST modelini öyrənir

Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyinin prezidenti Florin-Irinel Cotoşmanın rəh­bərlik etdiyi nümayəndə heyəti ötən gün DOST Agentliyində olub. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib. 

Bildirib ki, DOST konsepsi­yasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaradıb. Bir milyon 500 mindən çox vətəndaş DOST xidmətlərindən yararlanıb və bu xidmətlərdən vətəndaş məm­nunluğu səviyyəsi 98 faizdən yüksəkdir. Agentlik bir çox bey­nəlxalq mükafatlarla təltif edilib, DOST təcrübəsinin digər ölkələr­də tətbiqi beynəlxalq qurumlar tərəfindən təşviq olunub.

Nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib. Təq­dimatda DOST mərkəzlərində vətəndaşlara sosial müdafiə və sosial təminat, tibbi-sosial eks­pertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə göstərilən xidmət­lər barədə məlumat verilib.

Görüşdə qurumlar arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fi­kir mübadiləsi aparılıb. F.I.Co­toşman DOST konsepsiyasının böyük marağa səbəb olduğunu və bu təcrübənin Rumıniyada da tətbiqi imkanlarının nəzərdən keçirildiyini qeyd edib.

Əlillərə 20 min vasitə verilib

Dövlət Tibbi-Sosial Eksperti­za və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar–mart aylarında əlilliyi olan 14 min 722 şəxsə xidmətlər göstərilib. 2023-ci ilin birinci rü­bündə agentlik tərəfindən əlilliyi olan 3 min 547 şəxsə isə 19 min 939 reabilitasiya vasitəsi verilib.

E-xidmətlərə 1,2 milyon şəxs müraciət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmət­lərə 2023-cü ilin birinci rübü ər­zində 1,2 milyon müraciət qeydə alınıb. Qurumların informasiya bazaları ilə inteqrasiya prosesi təmin edilir və I rübdə nazirliyin mərkəzləşmiş informasiya sis­temlərinə sorğu sayı 29,7 milyon olub.

Son 3 ayda e-sosial.az por­talının aktiv istifadəçilərinin sayı artmaqda davam edərək 1 mil­yon 326 minə çatıb. Həmin dövrdə portaldan 2,5 milyon dəfə isti­fadə olunub.

Müavinətlər artıb

Bu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu tərəfindən 426 min nəfərə sosial müavinət, 368 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nis­bətən 24 faiz çox olmaqla 244 milyon manat, Prezident təqaüd­ləri üzrə 21 faiz çox olmaqla 159 milyon manat ödənilib.

Son 3 ayda 34 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 463 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qay­dada həyata keçirilib.

110 min e-arayış verilib

2023-cü ilin yanvar–mart ay­ları ərzində 44,3 min pensiya, müavinət, təqaüd təyinatı elekt­ron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 10,3 mini pensiya, 34 mini müavinət və təqaüd təyinatı olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir­liyi tərəfindən 2019-cu ilin əvvə­lindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Həmin e-təyinat sistemləri vətəndaşlara hüquqları yarandığı halda müra­ciət olunmadan və sənəd təqdim edilmədən qeyd olunan sosial ödənişlərin e-sistem üzərindən təyinatının aparılmasını təmin edir.

Son illərdə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasi­ya və s. sahələr üzrə elektron­laşma proqramı çərçivəsində 30 elektron arayış xidməti də yara­dılıb. Bu ilin ilk rübündə həmin e-xidmətlər vasitəsilə vətəndaş­lara 110 min e-arayış verilib.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat