Ukraynaya kütləvi raket zərbələri endirilib

post-img

Ukraynada Rusiyanın xüsusi hərbi əməliyyatı bütün şiddəti ilə davam edir. Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, dünən səhər saatlarında Rusiya ordusu Çerkask vilayətinin Uman şəhərinə kütləvi raket zərbələri endirib. Çoxmərtəbəli yaşayış binasına düşən raket azı 23 nəfərin həlak olmasına, 17 nəfərin yaralanmasına səbəb olub. Gün ərzində dağıntılar altında qalanların çıxarılması üzrə axtarış-xilasetmə işləri davam etdirilib. Faciə ilə əlaqədar Umanda üç günlük matəm elan olunub.

“Euronews” bildirib ki, Dnepr şəhəri də raket zərbəsinə məruz qalıb. Nəticə­də, bir qadın və 3 yaşlı uşaq həlak olub. Vilayət administrasiyasından verilən mə­lumata görə, 3 nəfər yaralanıb. 

Son məlumatlara əsasən, aprelin 28-də paytaxt Kiyevə də kütləvi raket zər­bələri endirilib. Şəhər administrasiyası bəyan edib ki, Dnepr səmasında rəqibin 11 raketi məhv edilib: “Dəqiqləşdirilmiş məlumata görə, atəşlər strateji aviasiya təyyarələrindən endirilib. Şəhərin hava məkanında 11 qanadlı raket məhv edilib. Bundan əlavə, iki ədəd PUA da vurulub. Təyyarə qırıntılarının Obolonsk rayonu­na düşməsi nəticəsində yerli elektrik şə­bəkəsi və avtomobil yolu zərər çəkib”.

Ukrayna Prezidenti Volodimir Zelens­ki özünün teleqram kanalında ölkə ərazi­sinə kütləvi hücumla bağlı kadrlar yerləş­dirib və bəyan edib: “Aprelin 28-də səhər saatlarında Rusiya Ukrayna ərazisinə ra­ket və PUA-larla hücum edib. Hədəf yenə də dinc əhali olub. Raket zərbələri nə­ticəsində 10 çoxmənzilli bina zədələnib. Binalardan birində bütöv bir dalan məhv edilib. Dağıntılar altında insanlar qalıb. Təəssüf ki, ölən və yaralananlar var, ara­larında 10 yaşlı bir uşaq da olub”. 

Zelenski əlavə edib ki, Dneprin atəşə tutulması nəticəsində də bir uşaq həlak olub. O, həlak olanların ailələrinə baş­sağlığı verib.

Baxmut uğrunda döyüşlər də davam edib. Şərq qoşun qruplaşmasının spikeri Sergey Çerevatıy bildirib ki, uzun müddət davam etmiş döyüşlər nəticəsində şəhər faktiki olaraq yaşamaq üçün yararsız və­ziyyətə düşüb. Hətta Baxmutu “ikinci Sta­linqrad” adlandırırlar. Hələ ki, ukraynalı döyüşçülər şəhəri əldə saxlaya bilirlər. Amma “Vaqner” də şəhəri ələ keçirmək üçün inadla mübarizə aparır.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov isə dünən keçirdiyi mətbuat konfransında bəyan edib ki, ölkənin Si­lahlı Qüvvələrinin əks-hücuma hazırlığı finiş mərhələsindədir. Onun sözlərinə görə, Ukrayna artıq çoxlu müasir texnika, çoxlu sayda müxtəlif tipli zirehli maşın, məsələn, “Bredley”, “Marder”, “Stryker” alıb: “Bundan əlavə, İsveçdən CV-90 alı­nacaq. Hazırda qoşunlar komandanlığın hücum qərarını və hücuma imkan verə­cək havanı gözləyir”. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qə­rargahı Zaporojye vilayətinin işğal altında olan Melitopol şəhərində rus hərbçiləri arasında kütləvi zəhərlənmə baş verdiyi barədə məlumat yayıb. Məlumata görə, aprelin 24-də Melitopoldakı rus ordusu­nun bölmələrinin birində baş verən zəhər­lənmə nəticəsində 20 RF hərbçisi ölüb.

Dünən, eyni zamanda, Ukraynaya yaxından dəstək verən Çexiya və Slova­kiya prezidentləri Petr Pavel və Zuzana Çaputova Kiyevə gəliblər. Dövlət baş­çıları Ukrayna lideri Volodimir Zelenski, eləcə də hökumət rəsmiləri ilə görüşüb, danışıq aparıblar. Təhlükəsizlik məqsə­dilə səfər barədə əvvəlcədən məlumat verilməyib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, Şimali Atlantika al­yansının üzvü olan bütün ölkələrin hərbi potensialı və imkanları Ukraynada xüsusi hərbi əməliyyatların başlanması ilə Rusi­yanın əleyhinə cəlb edilib. 

“Qərb Rusiya Federasiyası əleyhinə mübarizəyə əvvəlcədən hazırlaşdığını nümayiş etdirib. Dərhal Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edilib, Ukraynaya silahlar, kəşfiyyat məlumatları təşkil olunub, hərbi əməliyyat zonasına hərbi məsləhətçilər və muzdlular göndə­rilib”, - deyə Şoyqu Nyu-Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xa­rici işlər nazirlərinin iclasında bildirib.

Şoyqu onu da deyib ki, Ukrayna mü­naqişəsi Vaşinqton və müttəfiqlərinin di­gər ölkələri də Moskva və Pekin əleyhinə təxribatlara cəlb etdiyini təsdiqləyir.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər