Mənim cəsur həmyerlim

post-img

Vətən müharibəsində xalqımızın igid, qeyrətli oğulları erməni işğalçılarını məğlub edərək, uzun illər həsrətini çəkdiyimiz, qədəmlərimizin dəymədiyi yurdlarmızda üçrəngli Azərbaycan bayrağını sancdılar. Döyüş meydanında qazandığımız bu zəfər xalqımızın qəhrəman övladlarının qanı-canı bahasına, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin, əsgər və zabitlərimizin rəşadəti sayəsində tarixə yazıldı . 

Döyüşdə fərqlənmiş igid oğulla­rımızdan biri də düşmən tərəfindən basdırılmış minada ayağını itirmiş qazi Asim Pənah oğlu Məmmədbəyovdur. Asim 1995-ci ildə Xacmaz rayon Köhnə Xudat kəndində anadan olub. Ailədə üç uşaqdırlar və ilk övlad Asimdir. O, Qür­bət Babayev adına Köhnə Xudat kənt ümumi orta məktəbi bitirdikdən sonra 2013-cü ildə Beyləqanda müddətli hərbi xidmətə yollanmışdır. Tərxis olunduq­dan sonra 2015-ci ildə öz istəyi ilə Qu­sar rayonundakı “N” saylı hərbi hissədə mühəndis-istehkam bölüyündə manqa komandiri kimi işləmişdir. 

Aprel döyüşlərində iştirak edən Asim Cəbrayılın Lələtəpə yüksəkliyinin düşmən işğalından azad olunmasın­da yaxından iştirak etdi. Cəsurluğu ilə fərqlənən həmyerlim Asim 2020-ci il 44 günlük Vətən müharibəsində də bir çox Azərbaycan oğulları kimi, Vətənə bor­cunu yerinə yetirmək üçün can-başla öndə gedənlərdən oldu. Füzuli, Cəbra­yıl, Xocavənd uğrunda gedən döyüş­lərdə yaxından iştirak edərək böyük şücaət göstərdi və “Cəsur döyüşçü” medalı ilə təltif olundu. 

Döyüşlər zamanı o, Xocavənddə Qırmızı Bazar istiqamətində ermənilə­rin basdırdığı piyada əleyhinə minaya düşərək bir ayağını topuqdan itirmişdir. Müalicə aldıqdan sonra yenidən dö­yüşlərə qayıtmaq istəsə də, lakin icazə verilməmişdir. 

Asimlə həmsöhbət olduğum zaman onun qürurverici sözlərinin bir Azər­baycan oğlunun tükənməz vətən sev­gisindən soraq verdiyi aşkar hiss olu­nurdu. Döyüş yolundan danışan Asim “Vətənə xidmət hər bir gəncin borcudur və mən xidmətdə dözümlülük, mərdlik, möhkəmlik qazanmışam”, – dedi. Son­ra dövlətin onun kimi qazilərə qayğısın­dan razılıq etdi. Prezident təqaüdü və eyni zamanda hərbçi təqaüdü aldığını və 2021-ci ildə dövlət tərəfindən protez ayaqla təmin olduğunu bildirdi. 

Vətənimizin belə cəsur bir oğlu ilə həmsöhbət olmaqdan, sözün həqiqi mənasında, böyük qürur hissi keçir­dim. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.

Gülnar HƏSƏNOVA, Xaçmaz sakini

Sosial həyat