Dövlət Məşğulluq Agentliyində

post-img

Peşə hazırlığı təlimləri

Agentlik cari ilin 1-ci rübündə 2190 nəfəri əmək bazarının tələb­lərinə uyğun olaraq, peşə hazırlığı kurslarına cəlb edib. Onlardan 1191 nəfəri üçün agentliyin Bakı, Gəncə və Göyçay peşə hazırlığı mərkəz­lərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 999 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursla­rı təşkil olunub. 

Kurslarda dərzi, İT üzrə texniki dəstək mütəxəssisi, nəzarətçi-xəzinə­dar, mühasib, xalçaçı, insan resursları mütəxəssisi, elektrik aparat və cihazla­rının sazlayıcısı və digər peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. 

İndiyədək 834 şəxs kursları uğurla bitirib və 780 müdavim müvafiq sahələr üzrə işlə təmin olunub. Digər şəxslə­rin də yeni yiyələndikləri peşələr üzrə məşğulluğuna dəstək göstərilməsi is­tiqamətində işlər aparılır.

Talışda məşğulluq layihəsi

Dövlət Məşğulluq Agentliyi tərəfin­dən ilk mərhələdə Talış kəndinə köçü­rülən 20 ailə ilə görüş keçirilib. Təhlillər aparılaraq məşğulluq tədbirlərinə cəlb edilə biləcək şəxslər müəyyənləşdirilib. 29 sakinin məşğulluğu təmin edilib. 

Agentlik tərəfindən, həmçinin kənd sakinlərinin özünüməşğulluq proqra­mına cəlb olunması işləri də aparılır. Doqquz sakin özünüməşğulluq proqra­mına cəlb edilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə hə­min şəxslər üçün biznes təlimləri təşkil edilib. Yaxın günlərdə onlara proqram çərçivəsində müxtəlif iqtisadi sahələr üzrə şəxsi təsərrüfatlarını yaratmaları üçün avadanlıq veriləcək.

Proqrama cəlb olunacaq kənd sa­kinlərinin əməkhaqqının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək ki, bununla proqram həmin sakinlərin məşğulluğu ilə yanaşı, ərazi­dəki işəgötürənlərə də dəstək olacaq. 

İşsizlərə qayğı artır

Dövlət Məşğulluq Agentliyi tərə­findən bu ilin birinci rübündə 77 min 687 işsiz və işaxtaran şəxs ak­tiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 12 min 820 nəfəri “Əmək və məşğulluq” altsistemin­dəki vakansiya bankına yerləşdi­rilən münasib boş yerlər üzrə işlə təmin edilib. 12 min 45 nəfər isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Yanvar – mart aylarında 2 min 190 işsiz şəxs üçün işəgötürənlərlə əmək­daşlıq çərçivəsində peşə hazırlığı kurs­ları təşkil edilib, 61 min 432 şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

DOST dünyada “ən yaxşı”dır

DOST Agentliyi bu dəfə könüllü­lük proqramı qlobal insan resursları sammitinin diqqətini cəlb edib. Ba­kıda keçirilən “Global HR Summit 2023” tədbiri çərçivəsində “Könüllü DOST” proqramı “Ən yaxşı Korpora­tiv Sosial Məsuliyyət (KSM) Strategi­yası” (Best CSR strategy) kateqori­yası üzrə qalib elan olunub. Könüllü DOST proqramı sosial məsuliyyət çərçivəsində həyata keçirilən uğurlu fəaliyyətinə görə bu mükafata layiq görülüb. 

Qiymətləndirmə müxtəlif dövlət və özəl qurumların nümayəndələri, o cümlədən beynəlxalq ekspertlər tərə­findən həyata keçirilib. Mükafatlanma mərasimi sammitin “Global HR EXEL­LENCE Award” adlı tədbirində baş tutub. Tədbirdə yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş di­rektorları, dünyanın aparıcı konsaltinq şirkətlərinin rəhbərləri, dövlət qurum­larının vəzifəli şəxsləri, ümumilikdə, 50-dən çox ölkədən 700-dən çox işti­rakçı iştirak edib. 

Xatırladaq ki, Azərbaycanın uğur­lu sosial islahat nümunəsi olan DOST təcrübəsi təkcə ötən il 8 beynəlxalq mükafatla təltif edilib. Beynəlxalq mü­sabiqələrdə 2 layihə üzrə finalçı se­çilən agentlik 4 beynəlxalq ISO sertifi­katı da əldə edib.

“Öz biznesinə başla...”

Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” iştirakçıları üçün növbəti biznes təlim Şamaxıda keçirilib.

Rayonda bu layihəyə cəlb edilən işsiz şəxslər üçün təşkil edilən təlimdə iştirakçılara Beynəlxalq Əmək Təşki­latının “Öz biznesinə başla və təkmil­ləşdir” təlim proqramı əsasında kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar tədris olunur, biznes planlar hazırlanıb.

Qeyd edək ki, təlimi uğurla bitirən şəxslər biznes planın qiymətləndiril­məsinə cəlb edilir və fəallar aktivlərlə təmin olunur.

2 minədək insan işlə təmin edilib

Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə iş­çilərin əməkhaqqının maliyyələşdi­rilməsi” proqramı üzrə son 3 ayda daha 723 şəxsə iş yerlərinə gön­dəriş verilib. Həmin şəxslərin bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfin­dən maliyyələşdiriləcək. 

2020-ci ilin son aylarında icrasına başlanan proqram üzrə ötən dövrdə 636, o cümlədən bu il 151 işəgötürənlə əməkdaşlığa başlanıb və müqavilələr imzalanıb. Həmin müqavilələr əsasın­da artıq 1926 nəfər işlə təmin edilib.

Sosial xidmətlər genişlənir

Sosial Xidmətlər Agentliyinin Əlilliyi Olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinə təşkil edilən mediaturda media nümayən­dələrinə məlumat verilib ki, mərkəz­də 15-29 yaşlı əlilliyi olan şəxslərin müxtəlif peşələr üzrə peşə hazırlığı və peşə reabilitasiyası həyata keçi­rilir. 

Onlar 3-6 aylıq kurslarda kompü­ter istifadəçisi, montaj operatoru, bədii oyma, xalçaçılıq, dərzilik, kişi və qadın bərbəri, toxuculuq, aşpaz köməkçisi, rəssamlıq, dulusçuluq üzrə peşə ba­carıqlarına yiyələnirlər. Kursları uğurla bitirən şəxslərə peşə şəhadətnamələ­ri verilir və əmək bazarına çıxışı üçün dəstək göstərilir. 

Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, sosial-psixoloji və tibbi-sosial xidmət­lərlə təmin olunurlar. Burada gənclər peşələrlə yanaşı, musiqi və dizayn dərnəkləri, stolüstü oyunlar, paralim­piya idman məşqlərinə də cəlb edilir­lər. 

Ötən il mərkəzdə daha 600 nəfərə, bu ilin ötən dövründə isə 30 nəfəri Vətən müharibəsi ilə əlaqədar əlilliyi olanlardan ibarət olmaqla 285 nəfər əlilliyi olan şəxsə xidmət göstərilib. 

Postmüharibə dövründə mərkəzə Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan 78 nəfər qəbul edilib, onlardan 14 nəfərinin peşə hazırlığı kursları davam edir. Ümumilikdə, hazırda mərkəzdə 114 nəfərin peşə və sosial reabilitasi­ya kursu davam edir. Agentliyin dəstəyi ilə indiyədək aralarında müharibə ilə əlaqədar əlilliyi olanların da olduğu 90 nəfər gənc Türkiyədə həyata keçirilən beynəlxalq təcrübə layihələrində iştirak edib. 

Mütəmadi olaraq mərkəzin ye­tirmələrinin əl işlərindən ibarət satış sərgiləri də təşkil olunur. İndiyədək ölkəmizin bütün bölgələri üzrə 2700-ə yaxın gənc mərkəzdə peşə və sosial reabilitasiya kursu keçib.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”





Sosial həyat