“Xalq qəzeti” heyətinin “Heydər Əliyev ili”nə töhfəsi

post-img

Biz dünənki yarışda on minlərlə gəncə, yeniyetməyə əvvəlcə futbolun “əlifba”sını, sonra isə dünyanın ən populyar oyununun incəliklərini öyrədən mütəxəssislərlə – Nəsimi rayonundakı təhsil müəssisələrinin müəllimləri ilə oynadıq. Bir həftə əvvəlki oyunda 5–2 hesabı ilə qalib gəlsək də, meydandan o qədər də razı halda ayrılmamışdıq. Dünənki oyunda isə sivil bir komandaya, peşəkar idmançılardan ibarət olan hazırlıqlı heyətə məğlub olsaq da, meydandan xoş əhval-ruhiyyə ilə ayrıldıq. Çünki rəqiblərimiz özlərini həm müəllim kimi apardılar, həm də təmasda olduğumuz müddətdə əsl idmançı rəftarı nümayiş etdirdilər. Hər halda jurnalistlər müəllimlərə qarşı çıxmaq istəməsələr də... oynadılar. 

Dünənki futbol yarışında bizim məsuliyyətimizi artıran üç mühüm amil var idi. Birinci, qatıldığımız futbol turniri milli tariximizin ən görkəmli simalarından olan ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur. İkinci, təkcə indi deyil, tarixin bütün dönəmlərində heç bir peşə sahibləri müəllimlərə qarşı çıxmaq istəməyib və çıxmayıblar. Ancaq söhbət idman yarışlarından gedəndə hər birimiz daha böyük məsuliyyətlə yarışırıq ki, bizə həyatı öyrətmiş müəllimlər uğurlarımızla fəxr etsinlər. Əgər bu idman yarışı bilavasitə müəllimlərin öz komandasına qarşı təşkil olunursa, onda bizim məsuliyyətimiz ikiqat artır. Bu məqamda xatırladım ki, söhbət birbaşa bizə dərs demiş insanlardan deyil, ümumiyyətlə, müəllimlərin hamısına olan münasibətdən gedir. 

Üçüncü, indi haqqında söz açmaq istə­diyimiz idman yarışının bizim məsuliyyəti­mizi artıran başqa bir cəhət təmsil etdiyimiz rayonun adı ilə bağlıdır. Belə ki, paytaxtı­mızın bəzi rayonlarının adı məkan mənası kəsb edirsə ( məsələn, Səbail, Binəqədi, Xəzər, Qaradağ, Yasamal), Nizami, Nəsimi, Xətai və Nərimanov rayonları Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adını da­şıyır. Məhz ona görə də biz Nəsimi Rayon İcra hakimiyyətinin təşkil etdiyi futbol turnirinə çox böyük maraq və məsuliyyətlə hazırlaşmışdıq. Elə hakimin son fitinə qədər nümayiş etdirdiyimiz əzmkarlıq da məhz həmin məsuliyyətin göstəricisi idi. 

Özünəməxsus yumor hissi olan həm­karlarımızdan biri komandamızın əvvəlki oyunlarından hansınınsa mənfi nəticəsi barədə demişdi ki, biz zəif oynamadıq, onlar daha yaxşı oynadılar. Həmin məntiq dünənki oyunun nəticəsinə daha çox uyğun idi. Çünki Qabil Əliyev, Fikrət Əhmədov, Əvəz Rüstəmov, Rövşən Atakişiyev, Fuad Cəfərli, Fariz Ənsərov, Rüfət Abdullayev, Anar Məmmədov və Raqil Səfərli yarışlar başlanan gündən məhz qələbə üçün çalışırdı­lar. Fikrimcə, üçüncü yer uğrunda mübarizə aparmaq da pis göstərici deyil. Əsas odur ki, ulu öndərimizin 100 illik yubileyinə öz töhfəmizi verə bildik. 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”





İdman